“Qarşımızda bir sıra milli prioritet müəyyən edilib və mən onları sadalamq istərdim. Birincisi dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, tarixi qələbəmiz iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaradıb: “İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.
Üçüncü biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.
Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək.
Yeni özəlləşmə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.