Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktorunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə 19 may 2021-ci il tarixdə ölkəmizə işgüzar səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olan nümayəndə heyəti ilə Baş İdarənin rəhbər heyəti arasında ikitərəfli görüş keçirilib.
Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov onlara ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi korrupsiyaya qarşı mübarizə siyasətinin formalaşdırılması istiqamətində Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan təkmil qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı instusional islahatlar, o cümlədən Baş İdarədə fəaliyyət göstərən əməliyyat-axtarış, istintaq və digər qurumların, habelə “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Nazim Rəcəbov Baş İdarənin beynəlxalq qurumlarla və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya orqanları ilə davam edən uğurlu əməkdaşlığını xüsusi qeyd edərək gələcəkdə beynəlxalq əməkdaşlığın daha da dərinləşəcəyini diqqətə çatdırıb.
Çıxışında 2011-ci ildə Baş İdarəyə korrupsiyaya qarşı mübarizə sahəsində istintaq və təhqiqat funksiyası ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verildiyini də bildirən Nazim Rəcəbov bu təcrübənin Baş İdarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırdığını, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi tərəfindən bu qurumun beynəlxalq aləmdə səmərəli anti-korrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edildiyini vurğulayıb.
Daha sonra, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakı və bundan irəli gələn digər funksiyaları barədə geniş məlumat verib.
Görüşdə ölkədə korrupsiya səviyyəsinin və bu növ cinayətlərin törədilmə səbəblərinin təhlili, risklərə daha çox məruz qalan sahələrin müəyyənləşdirilməsi metodlarına dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılmış, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında zəngin kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “161-Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.
Səfər zamanı qonaqlar Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatları, Ali Məhkəmənin hakim heyəti, habelə Daxili İşlər, Ədliyyə və İqtisadiyyat nazirliklərinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirərək dövlət orqanlarının müsbət təcrübələrini öyrənmiş, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən ASAN Xidmət və DOST mərkəzlərini ziyarət edərək onların fəaliyyəti ilə yaxından tanış olublar.
Bundan başqa nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olaraq vətən müharibəsində qüdrətli ordumuzun işğalçılardan tərksilah etdiyi hərbi eksponatlar barədə məlumatlandırılmış, İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olmuş, daha sonra Heydər Əliyev Mərkəzinə səfər edərək orada yerləşən muzey və sərgilərə baş çəkiblər.
Bununla da, Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun ölkəmizə rəsmi səfəri başa çatmış və 23 may 2021-ci ildə nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.