7 Aprel 2022 16:21
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir çox hündürmərtəbli binaların tikintisi ilə məşğul olam “Şaiq” Mənzil Tikinti Kooperativi qaydaları pozub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, MTK tərəfindən Xətai rayonunda tikinti işləri aparılan obyektlərdən birində yanğın təhlükəsizliyi qaydalarının pozuntusu aşkar olunub.

Bu səbəbdən “Şaiq” MTK-nın barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə akt tərtib olunub.

İşə baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fuad Axundovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə baş tutacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə olunur.

Mətbuatda yayılan məlumata görə, “Şaiq” MTK tikinti biznesində “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsusdur.

Onu da qeyd edək ki, “Şaiq” MTK tərəfindən Xətai və Nəsimi rayonları ərazisində bir çox hündürmərtəbəli binaların tikintisi həyata keçirilir.


Müəllif: Hacı Zeynalov