Bakının Xətai rayonu ərazisində “Neptun” marketdən dəyəri 6 min manatdan çox olan bahalı viskiləri oğurlayan gənc cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, marketin mühafizə kameralarına baxış keçirilərkən 2024-cü ilin iyul ayı ərzində ayrı-ayrı vaxtlarda supermarketdən bahalı içkiləri aparmış şəxsin Lənkəran rayon Digah kənd sakini olan 1994-cü il təvəllüdlü S.Hacıyev olduğu müəyyən edilib.
Polisin keçirdiyi tədbirlərlə o saxlanılıb. Əvvəllər də məhkum edilmiş S.Hacıyevin üzərindən narkotik çıxıb.
“Neptun” supermarketdə mağaza müdiri vəzifəsində işləyən şirkət nümayəndəsi bildirib ki, oğurluğun üstü mağazadakı yoxlama zamanı açılıb: “28 iyul 2024-cü il tarixdə satış gəlirlərini hesablayan zaman mağazaya məxsus spirtli içkilərin sayının azaldığını, lakin həmin spirtli içkilərin satışının həyata keçirilmədiyini aşkarladıq. Bundan sonra mağazanın içərisində quraşdırılmış mühafizə kamerasına baxış keçirdik. Bu zaman əskik gələn spirtli içkilərin naməlum şəxs tərəfindən oğurlandığı məlum oldu.
Şirkət müvafiq hesablama apardı və qiymət üzrə çıxarış tərtib olundu. Həmin şəxsin supermarketdən 410 manat dəyərində bir ədəd “Glein Keith” markalı, iki ədəd hər biri 148 manat əlli qəpik olan “Chivas Regal” markalı, iki ədəd hər biri 1.400 manat olan “Macallan” markalı, iki ədəd hər biri 200 manat dəyərində “Glenfiddich” markalı, iki ədəd hər biri 900 manat olan “Remy Martin” markalı və üç ədəd “Jack Daniles” markalı spirtli içkiləri oğurladığı müəyyən olundu. Hazırda vurulmuş zərər ödənilməyib. Bizə 6068 manat ziyan dəyib”.
Tutulan şəxs oğurladığı bahalı viskiləri içdiyini deyib.
Xətai rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə S.Hacıyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.