Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından məhdud imkanlar yaradır. Əgər bu, normal şəraitdə baş versəydi, o zaman Ermənistanın əldə edə biləcəyi potensial faydaları hərtərəfli qiymətləndirmək olardı.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Bunun nə qədər Ermənistanın həm regional, həm də geosiyasi maraqlarından qaynaqlandığını anlamaq olardı, amma belə təəssürat yaranır ki, Ermənistanda müxtəlif dövlətlərin maraqlarını təmsil edən hakimiyyət və qruplara anti-Rusiya siyasəti və gələcəkdə Moskvaya bağlı təşkilatlardan çıxmaq prosesini əsaslandırmaq imkanı verən sənəd lazım idi.
Rusiyadan gələn bəyanatlar fonunda bəlli olur ki, bu sənəd nə məzmun, nə də Ermənistan vətəndaşlarının rifahı və müdafiəsi baxımından müzakirə edilir, əksinə, Rusiya-Qərb münasibətləri kontekstində spekulyasiyaya çevrilib. Bu, təsadüfi deyil, Ermənistanın xarici siyasətinin özəlliklərindən irəli gəlir. Burada məsələlər siyasi hesablamalar əsasında qoyulmur, sırf Ermənistanın müxtəlif dövlətlər arasında qarşıdurmada iştirakı baxımından müzakirə olunur”, - siyasətçi bildirib.
Abramyan qeyd edib ki, müdafiə baxımından sənəddə yer alan siyasi-hərbi məsləhətləşmələr, hərbi təhsil, təlim və sair məsələlər keçmiş hakimiyyətlərin dövründə də olub.
“Başqa sözlə, müdafiə və hərbi əməkdaşlığın dərinliyi bu sənədə daxil edilməyib və bunun ümumi təhlükəsizlik mühiti üçün nəyi təmin edə biləcəyi bəlli deyil.
Bu sənəd ABŞ-nin gedən (Co Bayden) administrasiya ilə yuxuya gedəcək və növbəti administrasiyanın (Donald Tramp) hansı yanaşmaya əl atacağı və bu sənədin Ermənistan üçün hansı formada həyata keçiriləcəyi naməlumdur.
Moskvadan gələn bəyanatlar da öz sözünü deyir. Ermənistanla Rusiya arasında mövcud münasibətlərə inam kifayət qədər aşağı səviyyədədir, xırda məsələlər də kifayət qədər sərt reaksiyalara səbəb olur”.