23 May 2022 09:32
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün professor Ədalət Tahirzadənin doğum günüdür. Əməkdaşımız Dilqəm Əhmədin Ə.Tahirzadənin ötən il keçirilən 70 illik yubileyi ilə bağlı yazdığı məqaləni təqdim edirik.

***

Tələbələrin şəklini başının üzərindən asan müəllim

2013-cü ilin aprelin ayının 30-u.

Publika.Az portalında redaktor işləsəm də, “Həyatımızın kitabları” adlı layihəm vardı. Bu layihə çərçivəsində alim və yazıçılarımızdan kitabla bağlı müsahibələr alır, həm onların öz əsərləri, həm də dəyərli hesab etdikləri kitabları oxuculara çatdırırdım. Həmkarım Ruslan Rəhimovla yeni müsahib barədə müzakirə edərkən professor Ədalət Tahirzadənin adını çəkdi və evlərinə qonaq apara biləcəyini söylədi.

Ruslan Rəhimovun müsahib təklifinə qədər Ədalət Tahirzadə ismi mənə tələbəlik illərindən tanış idi. Bakı Dövlət Universitetindən çıxıb Elmlər Akademiyası metrostansiyasına getdiyim zaman davamlı qəzet və jurnallara baxardım. Həmin qəzet satanların əksəriyyətində iki kitab mütləq olardı. O dövrün mətbəə şərtlərinə görə solğun rəngli bu kitablar Nadir şah və Ağaməhəmməd şah haqqında idi. Politologiya ixtisasında təhsil aldığım üçün bu kitablar mənə çox doğma idi.

Adətən, qonaq getdiyim evlərdə sıxılan adamam. Xüsusən də ilk dəfə getdiyim evdə nə edəcəyimi, nə danışacağımı bilmirəm. Ən çox qorxduğum isə özümü doğru ifadə edə bilməmək ehtimalıdır. Xoşbəxtlikdən Ruslan Rəhimov həmin gün Cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadəyə aid Türkiyədən əldə etdiyi bir neçə orijinal fotoşəkil gətirmişdi. Həmin materiallar incələndi, mən isə bu tarixi anları qaçırmamaq üçün fotoşəkillər çəkməyə başladım.

Fotoşəkillər demişkən. Həmin gün diqqətimi çəkən ən maraqlı hal Ədalət bəyin yazı otağında başının üstündə olan fotoşəkil idi. Mən çox yerlərdə insanların başı üzərində çox fərqli fotolar görmüşəm. İlk dəfə idi ki, bir professorun, bir müəllimin başı üzərində tələbə şəkli görürdüm. Onlar Cümhuriyyət tələbələri idilər.

Ədalət bəy həmin günlərdə “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabını yazmaqla məşğuldu. İllərdir topladığı materiallar, sənədlər, həyat hekayələri tələbələrin yenidən dirilməsinə səbəb olur, o illərin həyəcanı bizi bürüyür, o dövrün Azərbaycanı gözümüzdə daha da böyüyürdü. Bir tərəfdən Ədalət bəydən soruşacağım suallar beynimdə dolaşır, digər tərəfdən kitabxana gördüyü anda hər şeyi unudan biri olaraq bütün otaq boyu düzülmüş rəflərdəki qiymətli kitabların adlarını oxumağa çalışırdım. Sonralar o kitabxanadan mənim də payıma bir neçə kitab düşəcəkdi. Hətta Ədalət bəy bir dəfə maraqlı təklif də etdi mənə. Hələ ki əldə edə bilmədiyi Cümhuriyyət deputatlarından birinin şəklini taparsam, bu kitabxanadan istədiyim kitabı götürmə şansı qazanıram. Səkkiz ildir ki, həmin fotoşəkli axtarıram...

İndi isə aldığım müsahibədən sonra dəyərli ustadımız, müəllimimiz, dostumuz olan, bir qədər irəlidə bəhs edəcəyim kimi bu illər ərzində qazandığım bütün uğurlarda bilavasitə rolu olan Ədalət Tahirzadənin ömür yoluna nəzər salaq.

***

Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. 1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1968-1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974-1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində bir il dörd ay (sentyabr 1977-dekabr 1978) Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1977-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib. Daha sonra ailəsiylə birlikdə Bakıya köçüb. 1981-ci ildə aspiranturanı bitirərək Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın “Elm” qəzetinin ilk redaktoru olub. 1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.

“Azadlıq” qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim Nəcəf bəy Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlığ”a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.

1992-ci ilin 12 sentyabrından 1993-cü ilin 30 noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.

1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015).

2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb. Azərbaycan Respublikasının 2-ci prezidenti, mərhum Əbülfəz Elçibəy (1938-2000) Kələkidən Bakıya dönəndən sonra onun özəl mətbuat katibi işləyib (1998-ci ilin fevralından 2000-ci ilin mayınadək).

Ə.Tahirzadə “Ay-Ulduz” nəşriyyatının direktoru (1996-1999), “Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999), elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru (2000) işləyib. “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur (2012-dən). 20-dən çox kitabın, 500-dən artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.

***

Ədalət bəy 1988-ci ildə başlayan milli azadlıq hərəkatının iştirakçılarından və tarixini yazanlardandır. Onun bu il “Qanun” nəşriyyatında daha geniş şəkildə çap ediləcək “Meydan: 4 il 4 ay. Azərbaycan Xalq Hərəkatı haqqında gündəlik-qeydlər” (1997) adlı iki cildlik əsəri, eləcə də “Prezident Elçibəy” (2001) kitabı 1988-1993-cü illər arasındakı siyasi tariximizin önəmli qaynaqlarıdır. Meydan hərəkatında iştirak etmiş, azadlığın qazanılmasında müxtəlif şəkildə rolu olmuş, bəziləri bu gün unudulmuş sadə insanlardan ictimai-siyasi xadimlərədək bir çox şəxsin məhz “Meydan: 4 il 4 ay” kitabı vasitəsilə yaşayacaqları şübhəsizdir. Ədalət bəy uzun müddət mərhum prezident Əbülfəz Elçibəylə birlikdə çalışıb, onun özəl qələm müdiri olub, Elçibəyin bir çox kitabının nəşrində, müsahibələrinin təşkilində, eləcə də Elçibəylə bağlı sonrakı illərdə hazırlanan kitabların işıq üzü görməsində əvəzsiz xidmət göstərib. Onları birləşdirən təkcə siyasi mücadilə, əqidə deyil, həm də alim həmrəyliyi olub.

Bu illərdə Ədalət Tahirzadənin “Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı” (1996), “İsgəndər Rzazadə-Azərbaycanın ilk energetiki” (2000), “Kitabi-Dədə Qorqud”un faciəsi” (2002), “Salman Mümtaz: Tərcümeyi-hal oçerki” (2002), “Şəkinin tarixi qaynaqlarda” (2005), “Türkiyəmizdə 10 gün” (2011), “Unutdurulmuş azman – Əliabbas Qədimov” (2012, Həbibulla Manaflı ilə birgə) kimi kitabları nəşr olunub. Türkiyədə isə 2001-ci ildə Turan Kültür Vakfı onun “Elçibey'le 13 Saat”, Doğu Kütüphanesi nəşriyyatı isə 2019-cu ildə “Direnişten Bağımsızlığa Elçi Bey” (Aqil Səmədbəyli ilə həmmüəllif) kitabını çap edib.

***

Nə xoşbəxtəm ki, Ədalət bəyin ömür yolunun və yaradıcılığının bəzi anlarına şahid olmuşam. Ona görə də bu qəti hökmü verməyə özümdə ixtiyar tapıram. Araşdırıcılarımızın bir qismi yalnız mənsub olduğu bölgənin (Bakının, Şəkinin, Gəncənin, Naxçıvanın, Qazağın, Qarabağın...) ad-sanlı adamları haqqında, bir qismi yalnız onun yüksəlişinə yardım edəcək vəzifəli şəxslərin əsil-nəsli haqqında, bir qismi də yalnız indi sağ olan və özünə dair yazının pulunu ödəyən dəyərli-dəyərsiz imkanlılar haqqında yazır. Ancaq Ə.Tahirzadənin araşdırmaları Azərbaycanın bütün bölgələrini və əməlləri ilə millətinə gerçəkdən fayda vermiş bütün görkəmli soydaşlarımızı əhatə edir. Özü də həmin soydaşlarımızın, demək olar ki, hamısı dünyadan köçüb və unudulub. Ədalət bəy məhz belə insanlarımızı yenidən milli düşüncəmizə qaytarmağa çalışır.

Onun 2014-cü ildə Azərbaycan türkcəsində, 2015-ci ildə rus dilində çap olunan “Aşurovlar. Soyun sənədli tarixi” kitabı bir nəslin tarixinə işıq salan qiymətli mənbədir. Oğuztoğrul Tahirli ilə birgə yazdığı “Azərbaycan Cümhuriyyəti tələbələri” və hörmətli akademik Misir Mərdanovla birgə qələmə aldığı və artıq 5 cildi çapdan çıxmış “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabı təhsil tariximizin tədqiqində yeni mərhələdir.

2017-ci ilin sonlarında Ədalət bəy böyük lütfkarlıq göstərib mənə Azərbaycan Cümhuriyyətinin qısa tarixini birlikdə yazmağı təklif etdi. Bu hadisəni həyatımda aldığım ən qiymətli təkliflərdən hesab edirəm. Cümhuriyyət tarixindən mən nə yaza bilərdim ki? Amma Ədalət bəy etimad etmiş, mənə kitabda işləyəcəyim bəzi mövzular göndərmişdi. Çünki növbəti il Cümhuriyyətimizin yüzüncü ildönümü olacaqdı və biz İsveç Azərbaycan Federasiyası tərəfindən İsveçə dəvət edilmişdik. Bizdən istədikləri isə Cümhuriyyətin tarixini qısa, lakonik şəkildə yazmaq idi. Həvəslə işə başladım. Mənim də cüzi əməyimin olduğu kitab qısa müddətdə tamamlandı və İsveç (tərcüməçi Səadət Kərimi) və Danimarka (tərcüməçi Güllü Cahangirova) dillərinə çevrildi. 2018-ci ilin 23 may tarixində Bakıdan İstanbul üzərindən İsveçə yola düşdük. Həmin gün Ədalət bəyin həm də doğum günü idi. Yerdən 8 min km yüksəklikdə Ədalət bəyin ad gününü qeyd etdik.

O gün bizi qarşılayan hörmətli Arif Rəhimoğlunun rəhbərliyi ilə Yöteburq şəhərinin tarixi yerlərini gəzdik, o şəhərdə yaşayan həmvətənlərimiz üçün Cümhuriyyət tarixindən bəhs etdik. Mayın 25-i qatarla Stokholma getdik və orada daha böyük heyətlə birgə, professor Nəsiman Yaqublunun, Rəsulzadənin nəvəsi Rais bəyin də iştirakı ilə geniş tədbir keçirdik, ardınca Cümhuriyyətin yüzüncü ildönümü ilə bağlı ziyafətdə iştirak etdik. Eləcə də İsveç və Danimarka dillərində olan kitabımız həmyerlilərimizə təqdim olundu. Arif Rəhimoğlu və İsveçdə yaşayan yazıçı-publisist Vahid Qazi bizi Stokholmun tarixi məkanlarına apardı, kralın sarayını, Nobelin muzeyini və məşhur Nobel nitqlərinin söylənildiyi bələdiyyə binasını gördük. Burada Azərbaycan - İsveç Federasiyasının sədri Səttar Sevgin bəyin də bizə göstərdiyi qonaqpərvərliyi yada salmaqda fayda var.

Mayın 27-si Ədalət bəylə İstanbula qayıtdıq, o, həmin gün Ankaraya yola düşdü, mən isə bir gün sonra avtobusla yüzüncü ildönümünü qeyd etmək üçün Türkiyənin paytaxtına getdim.

Mayın 28-i Azərbaycanın istiqlalının yüzüncü ildönümünü Rəsulzadənin məzarı önündə qeyd etdik. Ankara Universitetində bununla bağlı təşkil edilən konfransda da iştirak etdik.

Yeri gəlmişkən, İsveç dilində olan “Azərbaycan Cümhuriyyəti” kitabı 2020-ci ildə İsveçin Sivart Förlag nəşriyyatında daha geniş şəkildə çap olundu. Kitab Bakıda 2018-ci ildə “Qanun” nəşriyyatında rus (tərcüməçi Fərhad Cabbarov) və ingilis (tərcüməçi Səadət Kərimi) dillərində, 2020-ci ildə “Çapar” nəşrlərində öz dilimizdə ilk dəfə olaraq nəşr edildi.

“Çapar”dan söz düşmüşkən.

2018-ci ilin sonunda dostum Yusif İlhamoğlu ilə birgə kütləvi xarakterli tarix jurnalı çap etmək qərarına gəldik. İlk müsahibimiz də, təbii olaraq Ədalət bəy olacaqdı. Nə yaxşı ki, Ədalət bəy suallarımızı cavablandırdıqdan sonra jurnalın adını bəyənmədiyini bildirdi və öz təklifini verdi. Beləcə, “Çapar” adı doğulmuş oldu. Jurnalımızın ilk günündən etibarən Ədalət bəy bizə dəstək oldu və olmaqdadır. 2020-ci ildə “Çapar” nəşrlərindən Ədalət bəyin ““Azərbaycan Cümhuriyyəti” – ilk milli dövlətimizin gerçək adı!” adlı mühüm bir məsələyə aydınlıq gətirən kitabçası da işıq üzü gördü.

***

Mən Ədalət Tahirzadənin tarixi bəlgələrə, fotoşəkillərə necə diqqətcil olduğuna dəfələrlə şahid olmuşam. Ötən il Həsən bəy Ağayevin yadigarı Xurşid xanımdan Cümhuriyyətimizin böyük şəxsiyyətinə aid nadir fotoşəkillərin surətini çıxarmaq üçün aldığımız zaman necə dəqiq siyahı tutduğunu gördüm. Eləcə də bilgisayarının yaddaşındakı fotoşəkillərin geniş izahını gördüyüm zaman səbrinə və tədqiqata olan hörmətinə görə heyran qaldım. Bir məsələni də qeyd etməliyəm. Ədalət bəy, həqiqətən, məqsədin tədqiqat olduğunu gördüyü zaman öz arxivini paylaşmaqdan çəkinmir. Dəfələrlə özüm da daxil olmaqla bir çox tədqiqatçının onun səxavətindən yararlandığını görmüşəm. Birbaşa dövlət arxivləri, sənədlər, yəni birinci qaynaqlar əsasında işləyən Ədalət bəyi tanıdığım gündən bu yana yalnız bir məsələdə əsəbləşdiyini görmüşəm. O da yazılan kitablarda tarixi faktların yanlış olduğunu və başqaları tərəfindən bu yanlışın davam etdirildiyini gördüyü anda. Tarixi faktların arxiv sənədlərinə istinad edilmədən əvvəl yazılanlardan köçürülməsi faktına qarşı Ədalət bəy amansızdır.

***

2019-cu ilin aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Ədalət bəyin hədiyyə etdiyi rəqəmsal arxivin təqdimatı keçirildi. Həmin arxivdə nələr vardı? Cümhuriyyət dövrünün tələbələri və parlament üzvləri, sovet repressiyasına məruz qalmış və güllələnmiş şəxslərin siyahıları, Azərbaycanın müxtəlif bölgələrindən toplanmış nadir kitablar, xarici ölkələrdən əldə edilmiş Azərbaycan dərgiləri, 60000-dən artıq foto-kolleksiya (şərhlər və izahlar ilə), Ədalət Tahirzadənin şəxsi kitabxanası, XX əsrin əvvəlinə aid Azərbaycan mətbuatı (“Azərbaycan”, “Həyat”, “İrşad”, “İqbal” və b.) və e-kitablar, ilk milli dərsliklər, tarixçi alim Nərmin Tahirzadənin sənədləri, Azərbaycanın mədəni və ictimai-siyasi həyatında fəal rol oynamış şəxslər haqqında qısa məlumatlar, kataloq və başqa sənədlər mövcuddur. Bu, sadəcə Ədalət bəyin elmi fəaliyyəti dövründə topladığı arxivin bir qismi idi. Təkcə həmin arxivdən istifadə etməklə onlarla tədqiqat işi yazmaq mümkündür. Bu fakt Ədalət bəyin elmin paylaşılmasında necə səxavətli olduğunun göstəricisidir.

Ədalət bəy həm də dostluq çevrəsini bölüşən insandır. Əgər onun etimadını qazandınsa, əlinin çatmadığı alimlərlə görüşmə şansın olur. Məsələn, hörmətli Ramiz Abutalıbov, Ramiz Əskər, Ömər Özcan kimi nəhənglərlə onun sayəsində münasibət qura bilmişəm.

Bəlkə də, bu yazacağım cümlələr Ədalət bəyin xoşuna gəlməyəcək. Amma Türkiyədən Azərbaycan Cümhuriyyəti və mühacirət tarixinə dair əldə etdiyim materialların satın alınmasında Ədalət bəy Azərbaycan gerçəkliyində müəllim kimi dolanışığına rəğmən mütəmadi yardım edib. Yeri gəlmişkən, Türkiyədən alınan iki qiymətli fotoşəkli Ədalət bəy Milli İstiqlal Muzeyinə hədiyyə edib.

***

Ədalət bəyin yazı otağının bir küncündə üst-üstə yığılmış qovluqlar var. O qovluqların hər birinin içərisində Cümhuriyyət deputatlarına aid materiallar mövcuddur. Ədalət bəy hətta deputatların hər birinin rəsmini rəssama çəkdirib. Bu qovluqlar indiyədək yazılmamış bir mövzunu – Cümhuriyyət parlamentinin üzvlərinin həyat hekayələri ilə bağlı kitabın qaynaqlarıdır. Bu qovluqlar, bu qaynaqlar isə 30 ilə yaxındır ki, toplanır. Ədalət bəy mənə də tövsiyə edib, gələcəkdə çalışacağım mövzuların qaynaqlarını zaman və fürsət varkən toplamaq lazımdır ki, bir zaman mühüm bir kitabın doğulduğunu artıq görə bilirsən.

Qaynaq toplamaq asan məsələ deyil. Xüsusən də ailə arxivlərini əldə etmək. Çünki varislərin hər birinin fərqli xarakteri olur, bəziləri ata-babalarının irsinə hörmətlidir, bəziləri biganədir, bəziləri isə o irsdən maddi qazanc əldə etmək istəyir. Burada tədqiqatçının kimliyi, xarakteri də önəmlidir. Varislərdən nələrsə uman, onları küsdürən tədqiqatçılar da olub. Bu baxımdan bu yolda mən hörmətli Ramiz Abutalıbovla, Ədalət Tahirzadənin fədakarlığını həmişə yüksək qiymətləndirmişəm. Ona görə ki nə qədər varis onlara güvənib, etibar ediblər. Onlar da xeyli arxivin Vətənə gətirilməsinə və tədqiqatlarda istifadəsinə nail olublar. Ona görə də Ədalət bəy necə ki, tələbələrin həyatını tək-tək mükəmməl şəkildə araşdırıbsa, eyni səviyyədə də Cümhuriyyət deputatlarının bioqrafiyalarını bizə təqdim edəcək. İnşallah növbəti ad günlərinin birinə qədər həmin kitabın işıq üzü görəcəyinə inanıram.

***

Ötənlərdə İstanbul Universitetində mənə dərs deyən hocalardan Fatih Sancaktar maraqlı bir hadisə danışdı. Dedi ki, biz elmi təkcə universitetdə öyrənmirdik. Bizim dövrümüzün hocalarını təqib edərdik. Onların çay içdiyi məkanlara, mühazirə oxuduğu təşkilatlara, bir sözlə onların olduğu hər yerə mümkün qədər gedirdik ki, hocalarımızın mühitini öyrənək, onların söhbətlərindən faydalanaq. Bir növ usta-çıraq əlaqəsini universitetdən kənarda da qoruyurduq.

Bu baxımdan Ədalət bəy mənə universitetdə rəsmi şəkildə dərs deməsə də, bir universitetdən daha çox ondan faydalanmışam, öyrənmişəm və öyrənirəm. Mən də qədim adətlərə riayət edərək çıraqlıq vəzifəmi mümkün qədər yerinə yetirməyə çalışıram.

Tanrıdan ustadımıza cansağlığı, daha uzun ömür arzu edirəm ki, planında olduğu kitabları yazsın, çap etsin, biz də onun işığından zərrələr əldə edərək özümüzə yol aça bilək.

Yubileyiniz mübarəkdir, əziz ustadım!


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər