Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də təntənəli şəkildə növbəti Füzuli Şəhəri Günü keçirilir.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə daxil olub.
Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən “Ümummilli lider Heydər Əliyev və Füzuli”, Mədəniyyət Nazirliyi tərəfindən "Zamanın Qanadlarında: Füzuli" adlı fotosərgilər təşkil olunub.
Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən və “Füzuli: işğaldan öncə”, “Füzuli: işğal zamanı”, “Füzuli: işğaldan sonra” adlı, həmçinin Füzuli şəhəri ilə qardaşlaşmış Türkiyənin Çorum və Özbəkistanın Gülüstan şəhərlərinə dair stendlər quraşdırılıb.
Burada həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş "Mənim Füzulim" adlı rəsm sərgisi də təqdim edilib.
Sərgi məkanında qurulmuş daha bir stenddə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar və rayonda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət nümunələri nümayiş etdirilib.
"ABAD" üçün ayrılmış xüsusi çadırda isə bir sıra dekorativ-tətbiqi sənət növləri üzrə ustad dərsləri təşkil olunub.
Park ərazisində uşaqlar əyləncəsi üçün də şərait yaradılıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhər sakinləri, ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Daha sonra park ərazisində qurulmuş səhnədə Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli - 530” adlı musiqili-ədəbi kompozisiya nümayiş etdirilib.
Arif Buzovnalı dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaracılığından söz açıb, onu Azərbaycan, fars və ərəb dillərində divan bağlayan nadir söz ustadların biri kimi səciyələndirib.
Xanəndələr Orxan Hüseynli və Könül Məmmədli Məhəmməd Füzulinin qəzəlləri üstündə müxtəlif muğam parçaları ifa ediblər.
Bədii qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimli şairin bir neçə qəzəlini səsləndirib.
Gənc şairlər Kamal Hüseynzadə və Elsər Qədri isə Füzulinin qəzəllərinə yazdıqları nəzirələri oxuyublar.
Sonda M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında xoreoqrafik kompozisiya nümayiş olunub.
Böyük maraqla qarşılanan “Füzuli - 530” musiqili-ədəbi kompozisiyasının ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi şair- dramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Loğman Kərimovdur.