18 Oktyabr 10:18
236
12 Punto 14 Punto 16 Punto 18 Punto

XXI əsrdə dünya mediasında müxtəlif trendlər müşahidə olunur və bunlar fərqli istiqamətlidir. Mediada həm kontentlə bağlı, həm texnoloji yeniliklərlə bağlı, həm də media qurumlarının idarə olunması ilə bağlı yeni meyillər məlumdur. Əlbəttə ki, bu trendlər dünya media sisteminin bir hissəsi olan Azərbaycan mediasında da müşahidə olunur. O zaman bu trendlər nə dərəcədə istifadə olunur? Problemlər nələrdir və necə həll etmək olar?

Trendlər...

İlk növbədə onu qeyd edək ki, trend sözü “yenilik”, “gündəmdə olan”, “müəyyən müddət ərzində gündəmdə olan” mənalarını verir. Amma bunların arasında sonuncu ifadə trend sözünün müasir mənasına daha yaxındır. Bu baxımdan, trendlər gündəmdə olma müddətlərinə görə bir neçə qrupa bölünürlər:

1. Meqatrend;
2. Makrotrend;
3. Mikrotrend;
4. Alttrend;
5. Sosial media trendi.

Təsnifatda əks olunan qruplar gündəmdə olma müddətinin azalmasına əsasən sıralanıb.

Media trendləri aktual olduğu müddətdə media qurumlarına və məhsullarına yeni yanaşma tələb etdiyi üçün onları öyrənmək əhəmiyyətlidir.

Beynəlxalq jurnalistikadakı yeni trendlər ölkə mediasına həm yaradıcılıq, həm də texnoloji baxımdan öz təsirini göstərir. Həmin trendlərdən uzaq olmaq bəzən qeyri-mümkün olur. Bu cür trendlər, adətən, jurnalistlərdən, media sahəsində çalışan şəxslərdən yeni bilik və bacarıqlar tələb edir. Həmin bilik və bacarıqlara əhəmiyyət vermədən fəaliyyətə davam etmək isə qlobal media mühitində yer tuta bilməməyə səbəb olur.

Texnologiya ilə ayaqlaşa bilirikmi...

Trendlərlə uzlaşmaq üçün texnologiya ilə ayaqlaşmaq lazımdır. Müasir texnologiyanın jurnalistikada tətbiqi mövzusu, sürətlə inkişaf edən media və informasiya sahələrinin yeni reallıqlarla necə dəyişdiyini göstərir. Texnoloji yeniliklər jurnalistikanın istehsalı, paylanması və istehlakı proseslərinə dərin təsir göstərib. Müasir dövrdə texnologiyanın inkişafının müxtəlif sahələrə tədbiqi, İKT-nin jurnalistikaya təsiri yeni jurnalistika istiqamətlərinin yaranmasına səbəb olur. “İnternet jurnalistika” (sosial media, vətəndaş jurnalistikası, korporativ media), “Robot jurnalistika”, “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika” və s. texnologiya həyatın bütün sahələrinə, o cümlədən jurnalistikaya nüfuz edib.

Tarix boyu texnologiyanın inkişafı jurnalistikanın təkamülünə şərait yaradıb. İnformasiya və sənaye inqilabları jurnalistikanın inkişafında böyük rol oynayıb.

Ənənəvi çap və televiziya jurnalistikasının illər boyu dominant olduğu bir dünyada, internetin geniş yayılması ilə rəqəmsal medianın təsiri və nüfuz dairəsi sürətlə artdı. Onlayn platformalar jurnalistlərə xəbərləri daha sürətli və geniş auditoriyaya çatdırmaq imkanı verdi. Bloglar, xəbər saytları və sosial media vasitəsilə jurnalistika əlçatan və operativlik qazandı. Artıq fərdi şəxslər belə, blogerlər və vətəndaş jurnalistləri vasitəsilə xəbərlərin formalaşmasında və yayılmasında fəal rol oynayır.

Süni intellekt jurnalistikada...

Hazırda “Automated Insights”, “Narrative Science” və ya “Yseop” kimi süni intellekt şirkətləri alqoritmləri, çatbotları, avtomatlaşdırılmış hesabat sistemlərini hazırlayır və bütün dünya üzrə xəbər təşkilatlarına çatdırırlar. Süni intellekt (Sİ) texnologiyalarından jurnalistikada avtomatlaşdırılmış məzmun yaratmaq, “data mining”, xəbərin yayılması, optimallaşdırılması xəbərlərə başlıqların seçilməsi, müsahibələr üçün sualların hazırlanması və s. məsələlərin həllində istifadə olunur.

Süni intellekt texnologiyalarının Azərbaycan mediasında istifadəsi zamanı verə biləcəyi üstünlüklər:

Mətnlərin oxunabilirliyinin və mürəkkəblik səviyyəsinin qiymətləndirilməsi;

Mətnlərdə istifadə olunan terminlərin müqayisəli analizi;

Mətnlərdə vulqar sözlərin aşkarlanması;

Mətnlərdə dövlət sirrinin və ya hərbi sirrin olub-olmamasının müəyyənləşdirilməsi;

Mətndə plagiatlığın aşkarlanması;

Maşın tərcüməsi;

Avtomatik referatlaşdırma;

Mətnin mövzuya uyğun təsnifatlandırılması;

Yazı üslubunu analiz etməklə, müəllifin müəyyənləşməsi.

Sosial media platformaları…

"Big Data" və məlumat analitikası jurnalistikaya dərin təsir göstərib. Bu texnologiya vasitəsilə böyük həcmli məlumatlar təhlil edilərək müxtəlif ictimai, siyasi və iqtisadi məsələlərə dair daha dəqiq və informativ analizlər təqdim edilə bilir. Data jurnalistika vasitəsilə jurnalistlər oxuculara mürəkkəb məlumatları vizual və interaktiv formatda çatdırır. Məlumat qrafikləri, xəritələr və interaktiv məzmunlar xəbərlərin daha anlaşıqlı və maraqlı olmasını təmin edir.

Mobil cihazların geniş yayılması jurnalistikanı daşıyıcı mediadan azad edib. İndi hər bir şəxs öz smartfonu ilə istənilən vaxt və yerdə hadisələri lentə ala, reportajlar hazırlaya və sosial mediada paylaşa bilər. Bu, vətəndaş jurnalistikasının artmasına səbəb olub, çünki insanlar real vaxt rejimində öz mühitlərindən xəbərlər paylaşır və yayımlayır. Bu, jurnalistlər üçün həm fürsət, həm də çağırışdır, çünki məlumatların doğruluğunu təmin etmək çətinləşir və saxta xəbərlərin yayılması təhlükəsi yaranır.

Sosial media platformaları, xəbərlərin yayılması və istehlakının əsas kanallarından biri olub. Jurnalistlər bu platformalar vasitəsilə xəbərləri birbaşa oxuculara çatdırır və onlarla daha interaktiv əlaqələr qurur. Eyni zamanda, sosial media platformaları jurnalistlər üçün yeni marketinq və brend qurma imkanları təqdim edir.

Texnologiyanın inkişafı ilə multimedia alətləri və virtual reallıq (VR) jurnalistikada geniş istifadə edilməyə başladı. Ənənəvi mətn və şəkillərə əlavə olaraq, jurnalistlər indi videolar, podkastlar, interaktiv qrafiklər və hətta VR ilə də xəbərləri təqdim edə bilirlər. VR vasitəsilə oxucular hadisələrin mərkəzində olma hissini yaşayır, məsələn, müharibə zonalarından və ya iqlim dəyişikliklərindən birbaşa təəssüratlar əldə edirlər.

Dronlar jurnalistikada yeni bir perspektiv təqdim edir. Xüsusilə təbii fəlakətlər, müharibələr və ya etirazlar zamanı dronlar jurnalistlərə təhlükəli və ya çətin əlçatan yerlərdən görüntülər təmin edir. Bu texnologiya daha hərtərəfli və təsirli vizual materiallar yaratmağa imkan verir.

2024-cü ilin mart ayında “Deloitte insights” tərəfindən müxtəlif nəsillər arasında sorğu keçirilib. Sorğunun nəticəsinə görə 30% gənc istehlakçılar süni intellekt tərəfindən hazırlanan materialların daha maraqlı olacağını bildirib.

Şəkil 1. “Deloitte insights” tərəfindən keçirilən sorğunun nəticələri

Yeni texnologiyalar və etik problemlər…

Müxtəlif yaş kateqoriyaları arasında keçirilən sorğuda respondentlərin 70%-i generativ süni intellekt tərəfindən yazılandansa, insan tərəfindən yazılmış televiziya şousu və ya filminə baxmağa üstünlük verdiklərini bildiriblər. 42% generativ süni intellekt və insanların birgə əyləncəli məzmun təmin edə biləcəyinə inandığını bildirib. 22% isə hesab edir ki, generativ süni intellekt hətta insanlardan daha maraqlı televiziya şouları və filmlər yaza bilər. Yeni nəsil yeni texnologiyalardan istifadəyə liderlik edirlər: bu nəsillərin 18%-i şəkillər yaratmaq üçün generativ süni intellektdən istifadə etdiyini, 25%-i isə mətn yaratmaq süni intellektdən istifadə etdiyini bildirib. Yaşlı nəsillər bu göstəricilərdən geri qalırlar.

Texnologiyanın sürətli inkişafı jurnalistlər üçün yeni etik problemlər də yaradıb. Saxta xəbərlərin sürətli yayılması, məlumatların manipulyasiya edilməsi və şəxsi məlumatların təhlükəsizliyi məsələləri ciddi müzakirə mövzusudur. Jurnalistlər və media orqanları bu təhdidlərlə mübarizə aparmaq üçün yeni strategiyalar və texnologiyalardan istifadə etməli olurlar.

Müasir texnologiyalar jurnalistikanı köklü şəkildə dəyişdirib və bu proses davam edir. Yeni texnologiyalar jurnalistlərə məlumatı daha sürətli və dəqiq şəkildə toplamağa, onu daha təsirli yollarla təqdim etməyə imkan verir. Lakin bu yeniliklər eyni zamanda jurnalistlərin qarşısında etik, təhlükəsizlik və peşəkarlıqla bağlı yeni çağırışlar qoyur. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə jurnalistikanın missiyası, dəyişikliklərə uyğunlaşaraq oxuculara etibarlı informasiya təqdim etməkdir. Texnologiyanın inkişafı ilə jurnalistikanın gələcəyi daha çox interaktiv, məlumat yönümlü və etibarlılığın ön planda olduğu bir forma alacaq.

Auditoriyanı maraqlandıran mövzular...

Beynəlxalq jurnalistikadakı trendlərdən danışarkən, əlbəttə ki, auditoriyanı daha çox maraqlandıran mövzu, məzmun məsələlərindən və bu istiqamətdəki trendlərdən danışmaq mütləqdir. Çünki müasir dövrün jurnalistikası XX əsrin jurnalistikasından tamamilə fərqlidir və bu fərqliliklər get-gedə artmaqdadır. Ənənəvi mediada janr anlayışı nə qədər sabit olsa da, yeni medianın yaranması ilə jurnalistikanın bütün sahələrində dəyişikliklər və yeniliklər olduğu kimi janrlara da təsirsiz ötüşməmişdir. Bu proseslər nəticəsində jurnalistika janrlarını ənənəvi janrlar və yeni media janrları olaraq iki qrupa bölə bilərik.

Ənənəvi jurnalistika janrları dedikdə, adından da göründüyü kimi ənənəvi media adlandırdığımız radio, televiziya və mətbuatda rastlaşdığımız janrlar nəzərdə tutulur. Bu janrlar tarixən formalaşdığı və təhlil olunduğu üçün onun haqqında kifayət qədər ədəbiyyata rast gəlmək olar. Amma yeni medianın formalaşmasından sonra janrlarda baş verən dəyişikliklər və ya yeni yaranan janrlar haqqında mənbələr olduqca azdır. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, yeni media janrlarının formalaşmasında xüsusilə sosial medianın ciddi rolu var. Çünki əsas yeniliklər, eləcə də auditoriyanın ən çox üz tutduğu forma və janrlardan sosial mediadan qaynaqlanır. Nümunə üçün qeyd edə bilərik ki, XXI əsrin auditoriyası artıq informasiyanı daha çox qısa videolar (reels) vasitəsilə alır. Bu cür videolar artıq elə sürətli və geniş yayılıb ki, “video əsaslı kontent” ifadəsi formalaşır. Yəni qısa videolar kontentlə bağlı gedən trendlər sırasında xüsusi kateqoriya kimi formalaşır. İnstagram və TikTok sosial şəbəkələrindəki “reels”lər, YouTube platformasındakı “short video”lar bu kateqoriyaya daxildir. Bununla yanaşı kontentlə bağlı müşahidə olunan trendlərdən biri də “istifadəçi əsaslı kontent” (user-generated content) hesab oluna bilər. Burada sadəcə jurnalist və ya media qurumunun əməkdaşı yox, həm də istifadəçinin özü kontent yarada bilir. Bu da, yuxarıda da qeyd etdiyimiz kimi, bloq və forumların, xüsusilə də, sosial medianın populyarlaşması ilə əlaqəli olan trendlərdəndir. Qeyd etdiyimiz bu trendlər Azərbaycan mediasında da müşahidə olunmaqdadır. Amma kontentlə bağlı beynəlxalq jurnalistika trendlərindən olan data analizinə, təəssüf ki, ölkə jurnalistikasında, demək olar ki, rast gəlmirik. Data analizinin mahiyyəti qısaca desək, informasiyanın çatdırılmasında infoqrafikadan istifadə olunmasıdır.

Kontentlə bağlı müşahidə olunan daha bir trend immersiv (immersive) jurnalistikadır. Virtual reallıq texnologiyalarının istifadəsinə əsaslanan bu trend, həm də texnoloji yeniliklərin nəticəsi hesab oluna bilər. “Dalmaq”, “baş vurmaq” mənasını verən “to immerse” sözündən yaranan bu ifadənin mahiyyətində auditroiyada iştirak effekti yaratmaqdır. Yəni bu üsulla hazırlanan xəbərdə və ya reportajda izləyici hadisəyə operatorun seçdiyi rakursdan deyil, 360 dərəcə çəkiliş imkanı olan kameraların verdiyi imkanlar nəticəsində özünün istədiyi rakursdan baxa bilər. Bu cür jurnalistika məhsulları bir sıra nəhəng media qurumları tərəfindən bir neçə il öncə hazırlanmağa başlasa da, ölkə mediasında buna aid bir nümunə yoxdur.

Sorğular nə deyir...

Azərbaycan mediasında trendlərin tətbiqi ilə bağlı problemlərin bir neçə səbəbdən qaynaqlandığını qeyd edə bilərik. Xüsusilə də, XXI əsrdə texnoloji yeniliklərə söykənən müxtəlif trendlər daha çox texniki avadanlıqların çatışmamasından və onların baha olmasından, həm də müasir trendlərdən məlumatı olan, müasir texnologiyanı bilən kadrların az olmasından irəli gəlir.

Ölkə mediasında trendlərin tətbiqi problemlərini öyrənmək üçün keçirdiyimiz sorğunun cavabları bunu deməyə əsas verir. Belə ki, internet media qurumlarında çalışan jurnalistlər arasında keçirdiyimiz sorğuya əsasən, respondentlərin 27.8 %-i qoyulan sual ilə bağlı məlumatlıdır. 40.7% qismən məlumatlıdır, 31.5%-i isə məlumatsızdır.


Digər sualda isə texnoloji yeniliklərin tətbiqindəki problemləri qeyd etmələri xahiş olunur. Verilən cavablardan da görürük ki, kadr çatışmazlığı və avadanlıqlarla bağlı cavablar üstünlük təşkil edir.


Keçirilən anketdən və apardığımız müşahidələrdən çıxış edərək qeyd edə bilərik ki, media trendlərini və əhəmiyyətini ətraflı öyrənməklə, bu istiqamətdə bilikli kadrların sayının artırılması ilə, dünya təcrübəsindən müsbət nümunələri mənimsəyərək bu istiqamətdə irəliləyişə nail olmaq mümkündür.

Sünbül Zalova, Nurşərəf Tağıyeva,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər