19 İyul 2022 09:14
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi hadisənin, Qarabağa Böyük qayıdışın ilk köçürülməsinin şahidi oluruq.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

"Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz şanlı Vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı deyirik", - xüsusi nümayəndə qeyd edib.

O bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib: "Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndi bərpa olunub. Bu kənd Ağıllı kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlardan 1357 nəfəri bu kənddə yaşamaq niyyətini bildiriblər. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək".

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastuktur qurulub.


Müəllif: Teleqraf.com