"Hepatit B virusuna uşaq vaxtı yoluxdum. Amma virusa yoluxduğumu dəqiq bilmirdim, çünki 1990-ci illərin əvvəli idi, o zamanlar vəziyyət çox çətin idi. Analizlər virusa yoluxduğumu göstərmədi. Rəhmətlik babam infeksion xəstəliklə üzrə professor idi. Dedi ki, sənin bütün göstəricilərin Hepatit B-dir".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran Kərimbəyov "Xəzər axşamı" verilişində deyib.
Kamran Kərimbəyov bacısının ona donor olmasından danışıb: "Sirroz xəstəliyinin yeganə müalicəsi qaraciyər transplantasiyasıdır. Donor məsələsi ortaya çıxanda fərqli nüanslar yaranır. Hətta yaxın insanlar belə öz orqanlarını vermir, kömək etmirlər.
Bacım Nərminə əziyyət vermək və onu təhlükəyə salmaq istəmədim. Uzun zaman ona demədim ki, mənə donor lazımdır. O özü dəfələrlə deyirdi ki, sənə necə kömək edə, dəstək ola bilərik. Bir dəfə dedim ki, donor məsələsidir... O heç fikirləşmədən cavab verdi ki, donoru niyə axtarırsan, donor var. Sual verdim, kim? Dedi, donor mən olacam. Onun xasiyyətini və mənə "hə" deyəcəyini bilirdim.
Mənə çox böyük bir dəstək oldu. Nəinki dəstək, mən indi Nərminə görə yaşayıram. Əməliyyat günü mənim vəziyyətim yaxşılaşdı. Ancaq Nərminin səhhətində böyük problemlər yaşandı. Biz onun üçün çox qorxduq, narahat olduq. Axı, onun bu vəziyyətə düşməsi mənə görə idi.
Əməliyyatım səkkiz saat davam etdi. Ağrılarım olanda bacımı fikirləşirəm. Başım ağrıyanda dərhal Nərmin zəng edib, halımı soruşur. Deyir ki, hiss elədim ki, pissən. Nərmin haqda danışanda kövrəlirəm. O, heç zaman yanımda ağlamır. Bilirəm ki, tək olanda mənim üçün ağlayır. Sən mənə həyat verdin, buna görə çox sağ ol".
Qeyd edək ki, Kamran Kərimbəyovun əməliyyatı Türkiyədə gerçəkləşdirilib.