16:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər fəsil dəyişkənliyində mövsümi qriplər baş qaldırır. Xüsusilə immun sistemi zəif olanlar havaların soyuması ilə tez-tez qripə yoluxurlar.

Məhz bu səbəbdən sentyabr ayından etibarən oktyabrın 10-dək Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 854 nəfərin qrip əleyhinə vaksinasiyası aparılıb.
Maraqlıdır, görəsən, qripdən qorunmaq üçün vaksinasiya nə dərəcədə vacibdir?

Məsələ ilə bağlı Teleqraf.com-un suallarını cavablayan infeksionist Vasif Əliyev bildirib ki, qripə tez-tez yoluxan şəxslər üçün vaksinasiya önəmlidir:

“Qripdən qorunmaq üçün vaksinasiya çox vacibdir. Xüsusilə qripi tez-tez keçirən, hər mövsüm qripə yoluxanlar üçün vaksinasiya önəmlidir. Hamilə qadınlar, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar, orqan transplantasiya olunmuş və davamlı immunpressiv dərman istifadə edən insanlar qripi ağır formada keçirdiklərindən hər ilin oktyabrdan başlayaraq qış ayları daxil peyvənd oluna bilərlər. İnsanlar unutmasınlar ki, qrip peyvəndi mövsümi xarakter daşıyır. Çünki qrip virusu biogenetik bir dəyişiklik məruz qaldığı üçün peyvəndlər hər il yenilənir. O baxımdan peyvənd hər il təkrarlanmalıdır”.

Vasif Əliyevin sözlərinə görə, payız mövsümündə xəstəlik törədən respirator viruslardan qorunmaq üçün birinci təbii gigiyena qaydalarını əməl etmək lazımdır:

“Təbii qrip virusu ilə yanaşı digər respirator virusları da var. Bunlar Paraqrip, Adenovirus, Korona virus və digərləridir. Bunlar da qripə bənzər əlamətlərlə xüsusilə payız mövsümündən başlayaraq insanlarda xəstəlik törədə bilərlər. Ancaq bunlardan qorunmaq üçün ən doğru yol birinci təbii gigiyena qaydalarını əməl etməkdir. Xəstə insanların olduğu məkandan uzaq durmaq, xəstə olduğunuz zaman başqa birinə virusun keçməməsi üçün maskalardan istifadə etmək və ara məsafəsini saxlamaq lazımdır. Bunlar qayda-qanunlara riayət olunması üçün lazım olan tələblərdir ki, insanlar davamlı olaraq xəstəliyə yoluxmasın”.

İnfeksionist qeyd edib ki, daha öncə peyvəndə qarşı allergik reaksiya keçirənlər üçün peyvəndlənmə əks-təsir göstərə bilər:

“Qripi tez-tez keçirən insanlar üçün qrip peyvəndi xüsusilə tövsiyə olunur. İnsanlar unutmasınlar ki, qrip peyvəndi hamilələrdə istifadə oluna biləcəyindən tam təhlükəsiz peyvənddir. Lakin daha əvvəllər qrip və ya digər peyvəndlərə qarşı allergik reaksiyası yaranan insanlarda peyvənd əks-göstəriş sayıla bilər. Vaksin sadəcə qrip virusuna qarşı qoruyucudur. Digər viruslara qarşı qoruyucu deyil”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər