20:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ən iri maliyyə qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) COP29-un əsas tərəfdaş bankı seçilib. Bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin maliyyə sektorunda dayanıqlı təcrübələrin təşviqini bir daha ön plana çıxarır. Baş ofisi Bakı şəhərində yerləşən və Azərbaycan Respublikası üzrə 84 filialı olan ABB 2,6 milyondan çox müştəriyə xidmət göstərir. Azərbaycan Beynəlxalq Bankı Cənubi Qafqaz regionunda aparıcı banklardan biridir.

Azərbaycan Beynəlxalq Bankı BMT-nin korporativ sosial məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərini təşviq edən Qlobal sazişini imzalamaqla iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirmişdir. Sözügedən sazişin üzvü kimi, Azərbaycan Beynəlxalq Bankı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarını dəstəkləyir. ABB həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi olan Yaşıl İqlim Fondunun akkreditasiyası prosesinə də start verib.

Məlum olduğu kimi, bu il COP29-un gündəliyində duran əsas məsələlərdən biri də iqlim maliyyəsidir. Buna görə də, Azərbaycan Beynəlxalq Bankı iqlim maliyyəsi üzrə boşluğun aradan qaldırılmasında öz mühüm rolunu təsdiqləmək üçün bu platformadan COP29-un rəsmi tərəfdaşı qismində istifadə etmək niyyətindədir. Belə ki, bank dayanıqlı kreditlər üzrə 100 milyon AZN-dən çox vəsait toplayaraq dəyəri yüz milyonlarla manat olan layihə portfeli formalaşdırmağa müvəffəq olub. Hazırda bu vəsaitlər bərpa olunan enerji, yaşıl infrastruktur və dayanıqlı texnologiyalar üzrə layihələrə yönəldilir.

COP29 ilə builki tərəfdaşlıq Azərbaycan Beynəlxalq Bankının dayanıqlı inkişaf və resurslardan rasional istifadəyə yönəlmiş ambisiyalarını əks etdirir.

Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29-un rəsmi tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlim yönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin, iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ABB-nin əsas tərəfdaş bank elan edilməsi ilə bağlı bunları bildirib: “Mən böyük məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib. İqlim maliyyəsi COP29-da prioritet məsələlərdən biridir və buna görə də Azərbaycan Beynəlxalq Bankı digər tərəfdaşlarımızla birgə bu mühüm mövzuda müzakirələr aparmaq, eləcə də maliyyə və investisiya sektorlarını təmsil edən maraqlı tərəfləri bir araya gətirmək baxımından mühüm rol oynayır.”

COP29 ilə tərəfdaşlığı elan edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov da öz növbəsində qeyd edib: “COP29-un əsas tərəfdaş bankı kimi, ABB iqlim maliyyəsi sahəsində mövcud olan boşluğu aradan qaldırmaq öhdəliyini daha da gücləndirir. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil – bu, sosial-iqtisadi sabitliyimiz üçün də təhlükə yaradan aktual reallıqdır. Bu problemin öhdəsindən gəlmək üçün bank sektoru qabaqlayıcı addımlar atmalıdır. COP29 çərçivəsində əldə olunan ətraflı məlumatlar və qurulan tərəfdaşlıq əlaqələri sayəsində biz heç vaxt olmadığı qədər ekoloji, sosial və iqtisadi dayanıqlılığı inkişaf etdirmək əzmindəyik. Biz iş dünyası, cəmiyyət və planetimizi harmonik şəkildə birləşdirən iqtisadi model quraraq davamlı gələcək yarada bilərik!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər