11 Dekabr 2015 12:04
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Televiziya aparıcılarının dilində bəzi problemlər var. Bu, dili yaxşı bilməməkdən, Azərbaycan dilinin qanunlarına əməl etməməkdən irəli gəlir”.


Teleqraf.com xəbər verir ki, bunu Dilçilik institutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

O bildirib ki, problemlərə baxmayaraq, artıq televiziyalar müəyyən məsuliyyət hiss etməyə başlayıblar.

“Biz yad dilin elementləri ilə danışanda bu, auditoriyaya keçir və tirajlanır. Artıq şəkilçilər işlənir, məsələn, “narahatçılıq”, “sakitçilik” kimi sözlər işlədilir. Dilimizdə başqa dillərin təsiri hiss olunur. Türk dilinin intonasiyası, cümlə quruluşu, ingilis dilinin tərzi açıq-aydın hiss olunur”.

Dilçilik institutunun AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Aytən Vəliyeva bildirib ki, monitorinq zamanı təhlilə cəlb olunan televiziyalarda dil qanunlarının pozulması ən çox fonetik normada özünü göstərir. Ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fenoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə olub.

O qeyd edib ki, bəzən aparıcıların dilində üslub dolaşıqlığına rast gəlinir.

“Aparıcılar Bakı ləhcəsi ilə danışırlar. Varvarizmlərdən, alınma sözlərdən istifadə olunur. Bir çox hallarda aparıcılar nitqi ağırlaşdılran təkrarlardan istifadə edirlər, söz mənaya uyğun işlədilmir, qeyri-dialekt sözlərdən istifadə olunur. Dilimizin qrammatik quruluşu sabit olsa da, bəzən bu normanın da pozulmasına rast gəlinir”.

Onun sözlərinə görə, layihə çərçivəsində milli telekanallarda - İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV, Lider TV və Region TV-də yayımlanan xəbər və qeyri-xəbər verilişlərin dili monitorinqə cəlb olunub.

Qeyd edək ki, “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında monitorinq aparıblar.

Monitorinqin məqsədi milli televiziya kanallarında ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, statistik baxımdan araşdırılması, onlarn aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli sürülməsidir.

Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər.


Müəllif: