Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə qalmaqal yaranıb. Səs-küy salan təqsirləndirilən Abbas Hüseynov yenə zaldan çıxarılıb.
Daha sonra digər təqsirləndirilən şəxslər də səs-küy yaradıblar. Onlar Abbas Hüseynov zala qaytarılmadığı halda prosesdə iştirakdan imtina edəcəklərini söyləyiblər.
Vəkil Nemət Kərimli prosesin təxirə salınmasını və növbəti prosesdə Abbas Hüseynovun iştirakının təmin edilməsini istəyib.
Bu səbəbdən hakim prosesi sentyabrın 23-dək təxirə salıb.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Xəyyam Camalov ifadə verib.
Xəyyam Camalov ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması ilə bağlı bir qrup şəxsin aksiya keçirdiyini deyib.
Xəyyam Camalov ifadəsində göstərib ki, həmin tarixdə tabeliyində olan əməkdaşlarla birlikdə “Tofiq Bəhramov” adına stadionda tədbirdə olarkən oyunun bitməsinə 10 dəqiqə qalmış Sabunçu RPİ-nin növbətçi hissəsindən bir qrup şəxsin idarənin qarşısına yığılaraq ictimai asayişi pozmaları və iğtişaş törətmələri barədə məlumat verilib, bundan sonra tabeliyində olan heyətlə birbaşa Sabunçu RPİ-yə gəlmiş və bir qrup şəxsin idarənin qarşısında toplaşaraq nalayiq sözlər, şüarlar səsləndirdiklərinin şahidi olub.
Həmin şəxslər Elçin Qasımovun azadlığa buraxılmasını tələb edərək, əks təqdirdə zor tətbiq edəcəklərini bildirib və onlara daşlar atmağa başlayıblar. Bu zaman Sabunçu RPİ-nin əməkdaşı Afiq Şükürov alın nahiyəsindən xəsarət alıb, daşlardan biri isə onun sağ əlinin ovuc nahiyəsinə dəyərək qanadıb. Bir qrup şəxs idarəyə girmək istədikdə Çevik Polis Alayının əməkdaşlarının köməyi ilə qrup dağıdılıb, idarəyə girməyə çalışan və daş atan şəxslərdən fəalları saxlanılaraq ictimai asayiş bərpa olunub.
aksiya zamanı xəsarət alıb.
Daha sonra Sabunçu rayon Polis İdarəsinin kiçik inspektoru Elnur Şərifov ifadə verib.
Proses günü ikinci yarısında davam edəcək.
Hacı Zeynalov