Bu gün Ali Məhkəmədə “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zal Yusifovun atası Zakir Yusifov kasasiya şikayətini məlum olmayan səbəbdən geri götürüb. Hakim şikayətin geri götürülməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl – 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl atmasıdır. Həmin üsullardan biri də məhkəmə prosesini süni surətdə uzatmaqdır. Bu gün Zakir Yusifov yenidən kasasiya şikayətini geri götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə mane olmağa çalışır. Elə buna görə də neçə illərdir məhkəmə prosesi uzanır. Bəs, məhkəmə prosesini süni surətdə uzatmaq hansı hüquqi məsuliyyət yaradır? Bunun qarşısını necə almaq olar?
Bu və digər suallarla bağlı vəkil Aqil Layıcova müraciət etdik. O, Teleqraf.com-a bildirdi ki, şikayət verib geri götürmək vətəndaşın hüququ olsa da, burda açıq-aşkar hansısa məqsəd güdüldüyü hiss olunur. Onun sözlərinə görə, məhkəmələr bununla bağlı ölçü götürməlidirlər: “Şikayətin nə üçün geri götürülməsi, işin obyektiv və subyektiv tərəfi mənə məlum deyil. Bunu özləri daha yaxşı bilərlər. Ona görə də hər hansı mülahizə irəli sürə bilməyəcəm. Amma məhkəmələr də bu məsələdə başqa cür davranmalıdırlar. Onlar görməlidirlər ki, bu adam hər dəfə şikayət verir, geri götürür. Məlumdur ki, cinayətkarlıq yolu ilə əldə olunmuş əmlakın zərərçəkmiş şəxslərin xeyrinə müsadirəsi məhkəmənin qərarında var. Müsadirə zamanı təqsirləndirilmiş şəxsin atası deyib ki, mülkün tikilib bərpa olunması onun vəsaiti hesabına həyata keçirilib. Bu gün mübahisə predmeti də bundan ibarətdir. İş dəfələrlə apelyasiya məhkəməsinin baxışına qaytarılıb və məlum olub ki, mülk təqsirləndirilən şəxsin vəsaiti ilə tikilən əmlaklardır. Ona görə də apelyasiya şikayəti təmin edilməyib. Hazırkı mərhələdə qarşıda duran əsas məsələ ondan ibarətdir ki, Ali Məhkəmə bu qərarı təsdiqləsin və qüvvədə saxlasın. Zərəçəkmiş şəxslərə də həmin əmlaklar hesabına zərər ödənilsin. Hazırkı məsələ bundan ibarətdir”.
A.Layıcov bildirib ki, cavabdeh tərəfin əvvəllər də ərizəsini geri götürmək halları olub: “Bu, əlbəttə, yaxşı, normal əlamət deyil. Çox böyük ehtimalla cavabdeh tərəf əmindir ki, Ali Məhkəmə onların əleyhinə qərar verəcək. Onlar yəqin kia Ali Məhkəməyə təsir etməyin mümkün vasitələrindən biri kimi ərizələrini geri götürüblər. Bunun başqa adı yoxdur. Bu, yüz faiz belədir. Buna qədər də dəfələrlə etdikləri cəhdlər uğursuz olub. Bunu bilə-bilə ərizəni geri götürüblər. Keçən dəfə də cəhd olunmuşdu. Çox ehtimalla həmin cəhd baş tutmadığı üçün yenə şikayət ərizəsini geri götürmüşdülər”.
Səxavət HƏMİD