Bakı Apelyasiya Məhkəməsində 11-ci sinif şagirdini öldürməkdə təqsirli bilinən Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Samir Məmmədov, Fuad Heydərov və Abbas Abbaslının cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu il aprelin 2-də Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən “Davud market”in qarşısında 1997-ci il təvəllüdlü Mobil Abdullayev bıçaqlanıb.11-ci sinif şagirdi olan Mobil Abdullayevi xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub.
İstintaq araşdırması zamanı cinayətin digər iştirakçıları - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Nurlan Dünyamalıyev və 1996-cı il təvəllüdlü Samir Məmmədov müəyyən edilib. Onlar da saxlanılıblar. İstintaq qanlı cinayətin bəzi təfərrüatlarını üzə çıxarıb. Öldürülən Mobil Abdullayev penitensiar xidmətin formasını geyinərək şəkil çəkdirib. O, həmin şəkli Facebook səhifəsində yerləşdirərək “Privet, voram” sözünü yazıb. Şəklin altına Elsevər Məmmədov şərh yazıb. Onun şərhi mübahisəyə səbəb olub. Həmin vaxt Mobil Abdullayev oğru aləminin nümayəndələrinin ünvanına söyüş söyüb.
Bu söyüşdən sonra tərəflər arasında mübahisə daha da qızışıb. Həmin vaxt Mobil Abdullayev ana-bacı söyüşü söyüb. Qarşı tərəf isə mübahisəni sosial şəbəkədə yox, real həyatda davam etdirməyi tələb edib. Bu zaman Mobil Abdullayev “Davud” marketin qarşısında görüş təyin edib. Elsevər Abdullayev tanışları Fuad Heydərov, Abbas Abbaslı, Nurlan Dünyamalıyevlə sosial şəbəkədə oğru aləmi ilə bağlı yaranan mübahisəni aydınlaşdırmaq üçün görüş yerinə gəliblər. Mobil Abdullayev də hadisə yerinə tək gəlməyib. O, yaxın bir neçə qohumunu götürərək, həmin yerə gəlib. Görüş zamanı tərəflərin mübahisəsi qanlı cinayətlə nəticələnib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunublar. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Məmmədov 14 il, Elsevər Məmmədov 3 il, Nurlan Dünyamalıyev 8 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər Fuad Heydərov və Abbas Abbaslı şərti cəza alıblar.
Prokurorluq Nurlan Dünyamalıyevin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Prokurorluğun protestinə hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.
Məhkəmə prokurorluğun protestini təmin etməyib.
Qeyd edək ki, digər təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Hacı Zeynalov