Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda üç jurnalistin həbs edilməsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 13-də Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva rayon polis şöbəsinə müraciət edib.
O, bildirib ki, həmin gün “Tərəqqi TV” informasiya agentliyinin baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərov Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəliblər, obyektdə əxlaqsızlıq yuvasının olduğunu iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul tələb ediblər.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər noyabrın 14-də Leyla Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.
Aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 12-də rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməxanalara gələrək eyni üsulla Əli Quliyevdən 100 manat pul aldıqları, Fəzilə Səfərovadan isə 500 manat tələb etdikləri müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov