Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Həsənağa Babayev 5 il 6 ay, Hüseyn Bayramov 5 il, Elman Rəhimov 7 il, Əlirza Kərimov 4 il, Səadət Cəfərov 3 il 6 ay, Tərxan Şirinov 4 il, Ramşan Rzayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Səbuhi Qazıyev və Elvin Əsgərov isə məhkəmə zalından azadlığa buraxılıblar
İttihama görə, 7 iyul 2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləmiş Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bu məqsədlə o, tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan ibarət, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq 2012-2014-cü illər ərzində həmin qruplara rəhbərlik ediblər.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə 1270884.46 manat məbləğində vergi dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Dövlətə vurulmuş ziyandan 190550 manatı ödətdirilib, 363987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham edilir.
Hacı Zeynalov