16 Noyabr 2016 17:43
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən Elmir Məhərovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proses dövlət ittihamçısı Elmir Məhərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən “AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satıldığı, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz realizə olunduğu müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitləri aşkar edilib.

“Maymed” MMC-nin direktoru Elmir Məhərovun barəsində 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər