Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi, 58 yaşlı Salyan rayon sakini Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.
Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.
Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.
Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Ondan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
Rövşən Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş Çingiz Baxşıyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə uzaq qohumdur və Rövşən Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib: "Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdik. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. O məni arxayın saldı.
Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı".
Çingiz Baxşıyevin sözlərinə görə, Rövşən Əhmədov onun həyatına qəsd etmək istəyib: "Bu ilin fevral ayında Rövşən Əhmədov Bayraq meydanında mənimlə gəzirdi. Əlində su butulkası vardı, suyu mənə təklif etdi və mən də içdim. Səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicələrlə halım düzəlmədi, məni Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı.
Rövşən mənə dedi ki, qızılları hara qoyum? Mən də dedim ki, qızım Fatmaya ver. Qızım isə mənə dedi ki, qızılların üstündən götürülüb. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldü. Baxdım, orada 300-400 qram qızıl qalmışdı.
Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burda heç ne yoxdu. İkinci qab bomboş idi. Soruşdum ki, qızıl panetlər hardadı? Rövşən qışqırmağa başladı.
Sonralar ona zəng etdim, telefona cavab vermədi. Cavab verəndə dedi ki, məndə qızıl yoxdur. Şikayət etdim, Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq oldu".
Sonra Çingiz Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb. Proses dekabrın 1-də davam edəcək.
Hacı Zeynalov