9 Yanvar 2017 15:22
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.


Daha sonra Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş olduğu müəyyən edilib.

Ondan 302,477 qram heroin götürülüb.

Şahin Bəylərov Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Şahid qismində Aqil Səfərov ifadə verib. O deyib ki, Nizami Rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır. O deyib ki, Şagin Bəylərovun YPX avtomobilini çəkiclə əzdiyi üçün bölməyə gətirilib.

Şahidin sözlərinə görə, tutulan şəxs bölməyə gətirildikdən sonra sol cibindən salafana bükülü narkotik aşkarlanıb: "Şahin Bəylərov narkotiki hardan alması barədə məlumat vermədi. Ancaq könüllü şəkildə bunu bizə təqdim etdi".

Təqsirləndirilən Şahin Bəylərov şahidin ifadəsi ilə razılaşmayıb və bunun yalan olduğunu deyib. O, narkotik vasitə istifadə etmədiyini bildirib.

Şahin Bəylərov ifadəsində polis əməkdaşları tərəfindən təhqir olunduğu üçün YPX avtomobilini əzdiyini qeyd edib: "Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar. Bezmişdim. Bir dəfə də piyada keçidi ilə hərəkət edəndə, mənə dedilər ki, "rədd ol, yoldan". Buna görə əsəbləşib, avtomobilə hücum etdim".

Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkilli Seyidağa Abbasov deyib ki, Şahin Bəylərov bölməyə gətirilərkən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilib və narkotik maddə tapılıb.

Proses yanvarın 16-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər