24 Fevral 2017 22:41
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin ölkədən çıxmasına məhdudiyyət qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində ifadə verən Mövlam Şıxəliyevin özün bildirib. O, zərərçəkmişlərdən biri olan Akif Qurbanovun epizodu üzrə tərəflərin suallarını cavablandırarkən belə deyib: “Mən vəzifədə olanda təşkilatı məsələllərə baxmışam. Ölkədən çıxışına “stop” qoyulan şəxslərin siyahısı mənə gəlib. Onların şəxsiyyəti haqqında maraqlamamışam. Ümumilikdə qərar qəbul etmişəm. Həmin şəxslərin arasında mənim qohumum olsaydı belə, onu mən tanıya bilməzdim”.

Belə ifadə verən Mövlam Şıxəliyev özü ilə bağlı da danışıb. Bildirib ki, onun da ölkədən çıxışına “stop” qoyulub.

Qeyd edək ki, bu işdə adı keçən zərərçəkmişlərdən biri, biznesmen Akif Qurbanov 2013-cü ildə MTN əməkdaşları tərəfindən şantaj edilib və həbs edilməməsi üçün 1 milyon manat tələb olunub. O, şantaj olunandan sonra ölkdən gedib.

Bundan sonra MTN tərəfindən Akif Qurbanovun ölkədən çıxışına və gişirişinə “stop” qoyulub.
Mövlam Şıxəliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində keçir.

Vüsal Ələkbərov mütəşəkkil dəstə tərkibində iş adamlarına hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını, pullarını ələ keçirməkdə ittiham edilir.

Vüsal Ələkbərovun işi ayrıca icraata götürülüb və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrlik etdiyi kollegiyada baxılır.

Hakim Siyavuş Hacıyev sonuncu mıəhkəmə iclasında bildirib ki, Vüsal Ələkbərova mütəşəkkil dəstə ittihamı verilib. Hakim qeyd edib ki, digərlərinin işi prokurorluqda araşdırılır.

Zərərçəkmişlər Mövlam Şıxəliyevin barəsində qəti tədbir görülməsini, onun həbs edilməsini, dəymiş ziyanını onun vəsaiti üzrə ödənilməsini tələb ediblər.

Hakim zərərçəkmişlərin iddiasına belə cavab verib: “Məhkəmə işə verilən ittiham çərçivəsində baxır. Məhkəmə ittihamdan kənara çıxa bilməz, digər şəxsin məsuliyyətə cəlb edilməsinə qərar verə bilməz. Məhkəmə hazırda Vüsal Ələkbərova verilmiş ittihamı araşdırır. Mövlam Şıxəliyevlə bağlı məsələ yaransa, hökmdə prokurorluğa müraciöət oluna bilər. Vüsal Ələkbərova “mütəşəkkil dəstə tərkibində” ittihamı verilib. Belə olan halda Vüsal Ələkbərov mütəşəkkil dəstənin üzvü sayılır. Ola bilsin ki, kimlərinsə prokurorluqda istintaqı davam edir. Bizim bu barədə məlumatımız yoxdur”.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Həbsdə olan Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Onu da əlavə edək ki, cinayət işi üzrə zərərçəkmişlərə dəymiş ziyan 10 milyon manata yaxındır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər