14 İyul 2014 18:53
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb.

Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Teleqraf.com-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Vüsal Qurbanov çıxış edib. O, cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

Digər təqsirləndirilən Tofiq Bəkirov ifadəsinin əvvəlində mərhumun ailəsindən üzr istədiyini deyib. O, baş verən hadisəyə görə, vicdan əzabı çəkdiyini bildirib: “Hümbət Məmmədov bu cinayəti sifariş edib.
O, bizə dedi ki, qız qohumunun namusuna toxunublar. Buna görə də mən bu cinayətdə iştirak etmişəm. Heç bir maddi maraq güdməmişəm. Bu işə görə mənə 1 qəpik də verilməyib. Günahsız bir şəxs öldürülüb, digəri yaralanıb. Hümbət Məmmədov bizi aldadıb. Biz zərərçəkmişdən bağışlanmağımızı istəyirik. Himiyəmdə yaşlı valideynlərim, azyaşlı uşaqlarım var. Bunun nəzərə alınmasını məhkəmədən xahiş edirəm”.

Məhkəmə iclası iyulun 18-də davam edəcək.

Qeyd edək ki, cinayət işinin materiallarında olan sənədlərdə bildirilir ki, Hümbət Məmmədov əmisinin azyaşlı nəvəsi ilə cinsi əlaqədə olub. Azyaşlı qızın Hümbət Məmmədov tərəfindən zorlanması ilə bağlı izahatə da iş materiallarında var. Onu da əlavə edək ki, cinayətdə adı hallanan Ramil Hacıyev Rusiyada adam oğurluğu cinayətinə görə həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər