Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Aqil Layıcov məhkəməyə bir sıra sənədlər təqdim edib.
Müdafiəçi bildirib ki, bu sənədlərin bir qismi işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də təqdim olunmuşdu, qalanı isə yenidir: "Sual oluna bilər ki, qalan sənədləri niyə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim eləməmişdik? O vaxt bu sənədləri ittiham tərəfi ortaya qoymalı idi. Amma təəssüf ki, ittiham tərəfi heç bir iş görmədi. Sonradan biz özümüz onları əldə etdik. Ona görə də indi təqdim edirik. Sənədlərin bir hissəsi xarici ölkələrdən - Lüksemburqdan, Almaniyadan göndərilib. Arasında "AMİKA" layihəsinə aid sənədlər də var. Bu layihə ilə Albaniyada iki neftayırma zavodu alınmışdı. Bu layihə çərçivəsində zavodlara 40 milyon kredit ayrılıb. Bu kredit dövlət zəmanəti ilə ayrılıb. Zavodların səhmlərinin alınması üçün girov qoyulub. Həmin səhmlər indi də girovdur. İkinci layihə Dubayda həyata keçirilib. Orada tekstil fabriki və metal zavoduna xeyli vəsait ayrılıb. Ofşor şirkətlərin sənədlərində də bu məsələlər öz əksini tapıb".
Aqil Layıcov Beynəlxalq Bankdan kartlar vasitəsilə götürülmüş kreditlərdən də danışıb: "Birinci instansiyada işə baxılarkən elə təqdim olundu ki, guya Cahangir Hacıyevin həyat yoldaşı, qızı 41 milyonu gözəllik salonlarına və s. xərcləyib. Düzdür, 41 milyon o kartlara daxil olub, amma o vəsait elə Beynəlxalq Bankın layihələrinə sərf olunub. Araşdırılsaydı, bank çıxarışlarıyla bu məsələ aydın olardı".
Vəkil Cahangir Hacıyevə Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə irəli sürülən ittihamlara xitam verilməsini istəyib.
Digər vəkil Fəxrəddin Mehdiyev Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın gəlirlə işlədiyini bildirib. O, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Cahangir Hacıyev özü də çıxış edib. O, bildirib ki, haqqındakı cinayət işi əsassızdır.
Məhkəmə prosesi mayın 31-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Hacı Zeynalov