21 İyul 2017 16:36
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qız üstündə bıçaqlanma hadisəsi törədən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Rəhman Qəhrəmanov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və islah işləri cəzasına məhkum olunub. O, bu il fevralın 27-dəm Keşlə qəsəbəsində kafedə Ədalət Həsənovu bıçaqlayıb.

Rəhman Qəhrəmanov “Köylü” kafesində pivə içən zaman Ədalət Həsənov iki dostu və 3 qızla həmin kafeyə gəlib. Onlar Rəhman Qəhrəmanova yaxın olan masalardan birinə əyləşiblər.

Rəhman Qəhrəmanovun həmin qızlara baxması Ədalət Həsənovu əsəbləşdirib. O, Rəhman Qəhrəmanova etiraz edib və aralarında mübahisə yaranıb.

Daha sonra onlar mübahisələrini kafedən kənarda davam etdiriblər. Gənclər arasında olan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Rəhman Qəhrəmanov özündə olan bıçaqla Ədalət Həsənovu vurub.

Vaxtında xəstəxanaya yetişdirilən Ədalətin həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Rəhman Qəhrəmanov həbs edilib.

Rəhman Qəhrəmanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

İttihama münasibət bildirən Rəhman Qəhrəmanov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, bildirib ki, əvvəllər zərərçəkmişi tanımayıb.

Rəhman Qəhrəmanovun sözlərinə görə, kafedə olan zaman Ədalət Həsənov da ora gəlib: “Ədaləti orada ilk dəfə görmüşəm və tanımışam. Mən həmin kafedə masada tək əyləşmişdim, pivə içirdim. Ədalət Həsənovgil 3 oğlan, 3 qız idilər. Onlar məndən soldakı masada əyləşmişdilər. Bu zaman Ədalət mənə “bizə baxırsan” deyərək üstümə gəldi. Onlara baxmadığımı dedim. Buna əhəmiyyət vermədilər. Ədalətin yanında olan və adlarının sonradan Emin və Nicat olduğunu bildiyim şəxslər də üstümə gəldilər. Onlar məni kafedə döyməyə başladılar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ədalət Həsənov və onun yanında olan digər iki oğlan onu çölə çağırıblar: “Fkirləşdim ki, məni öldürəcəklər. Buna görə də ofisiantdan limon doğramaq üçün aldığım bıçağı stolun üstündən götürərək cibimə qoydum. Sonra onların yanına getdim. Orada hər üçü üstümə gəldi. Özümü müdafiə etmək məqsədilə bıçağı cibimdən çıxardım, onlara tərəf silkələdim. Bu zaman bıçaq Ədalətə dəydi. Sonra oradan getdim”.

Rəhman Qəhrəmanov ofisiantdan bıçağı almasını belə izah edib: “Ofsinata bütöv limon gətirməsini sifarş verdim. Sonra limonu doğramaq üçün bıçaq istədim. Ofsiant da mənə bıçaq gətirdi. Bıçaqla limonu dörd yerə böldüm və suyunu pivə ilə içməyə gətirilmiş pendirə sıxdım”.

Təqsirləndirilən şəxs deyib ki, anası ilə birlikdə yaşayır: “Anam evdar qadındır, mən isə evin qazanc gətirəni olmuşam. Tikinti sahələrində fəhləlik etmişəm və dolanmışam”.

Hakimin “eviniz yox idi, gecə yarı kafelərdə gəzirdin” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Tikintidə fəhləlik etdiyim üçün yorulurdum. İşdən çıxandan sonra kafeyə gəlmişəm və yorğunluğum çıxsın deyə pivə içmişəm. Pivəmi içəndən sonra evə gedəcəkdim”.

Suallara cavab verən Rəhman Qəhrəmanov hadisənin qız üstündə baş vermədiyini deyib. O, bildirib ki, Ədalətgilin yanında olan qızlara baxmayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəni törədəndən sonra e evlərinin yaxınlığında olan parkda gəzişib. Onun sözlərinə görə, sonra təslim olmaq üçün polis bölməsinə gedib və törətdiyi əməli etiraf edib.

Növbəti proses iyulun 26-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər