Dələduzluqda təqsirləndirilən 276 saylı məktəb-liseyin müəlliməsi Validə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Validə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Binəqədi rayon sakini Validə Əsədova özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İsmayılov, Leyla Hüseynova, Samirə Bağırova, Əbil Əbilov, İlham İbişova qarşı dələduzluq edib.
O, 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib.
Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə Validə Əsədova barəsində şikayət ediblər. Validə Əsədova zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq, istintaqa cəlb ediblər.
Xatırladaq ki, Validə Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.