1 Noyabr 2017 10:49
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinən şirkət rəhbəri Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində adı keçən şəxslərdən biri – Ramil Şükürovun istintaqa cəlb olunmadığı məlum olub.

Hakim bildirib ki, zərərçəkənlər pulu birbaşa Ramil Şükürova veriblər. Bu barədə onlar cinayət işi üzrə ifadə versələr də, müstəntiq Ramil Şükürovu dindirməyib.

Hakimin sözlərinə görə, Ramil Şükürov məhkəməyə çağırılaraq dindiriləcək.

Həmin şəxs bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə məhkum edilib. Sonradan isə şərti cəza ilə azadlığa buraxılıb.

Zərərçəkmiş Fəridə Həsənova məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub və məhkəmə iclası təxirə salınıb.

Növbəti proses noyabrın 15-də davam edəcək.

İttihama görə, Mahir Kərimov Fateh-N MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Mahir Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər