Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il iyulun 16-da saat 11 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağammədov aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.
Cinayəti Suraxanı rayon sakini Cavid Əbdülməmmədovun qısqanclıq zəminində törətdiyi məlum olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Məlum olub ki, bir müddət əvvəl Vasif Sabirabadda toyda iştirak edəndən sonra Cavidin qardaşının həyat yoldaşı da olan avtomobillə Bakıya gəlib. Yolda Vasif Cavidin qardaşı arvadı ilə münasibət qurmağa, onunla söhbət etməyə, tanış olmağa çalışıb.
Bundan xəbər tutan Cavid Vasifi öldürmək qərarına gəlib və Bülbüləyə gələrək onun evini tapıb. Vasif qapının qarşısına çıxan kimi 22 yaşlı gənc onu bıçaqlayaraq qaçıb.
Cavid Əbdülməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışı dekabrın 5-nə təyin edilib.
Qeyd edək ki, Vasif Ağaməmmədov evli olub, üç azyaşlı övladı var.