Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində evlərdən birindən 4800 manat oğurlamaqda şübhəli bilinən şəxslərin yaxalanması barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi olan qadın Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.
Polis əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu Həmidağa Rəhimov tərəfindən verilib. Evə isə Adil Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.
Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.