Bakıda barda tanış olduğu qadını öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baş tutan prosesdə Sergey Vorobyovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
İttihama görə, qətl hadisəsi bu ilin iyununda Xətai rayonu NZS qəsəbəsində baş verib. Həmin gün Sergey Vorobyov barda tanış olduğun İlahə Şahbazova ilə yeyib-içib. İlahənin onun çox içməsinə irad tutması narazılıqla qarşılanıb.
Mübahisə zamanı İlahə Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. Sergey bıçağı alaraq qadının ürək nahiyyəsinə zərbə endirib. İlahə Şahbazova hadisə yerində dünyasını dəyişib.
Təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, tanış olan zaman İlahə adının Arzu olduğunu deyib: “Həmin vaxtdan bizə gəldi, bir yerdə yaşamağa başladıq. Özünün dediyinə görə, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib. Hadisə baş verən gün uşaqlıq dostum Yuliya ilə tanışım Viktor bizə gəlmişdilər. Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və ərzaq alıb gətirdik. Birlikdə yeyib-içdik. İlahə Yuliyayla səmimi görüşməyimi mənə irad tutdu. Dedim ki, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil”.
Sergey Vorobyov qonaqları yola salandan sonra yenidən içməyə davam edib: “İlahə çox içməyimə irad bildirdi. Bıçaqla boğazımdan vurmaq istədi, başımı geri çəkdim, sinəmə zərbə vurdu. Əlini burdum, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm döşəmənin üstündəyəm. Köynəyim qan içindədi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, meyiti xalçaya büküb və otaqda gizlədib: “Meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəasının yüngülləşdirilməsini istəyib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sergey Vorobyovin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.