10 Yanvar 2018 14:52
3 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğanbank ASC Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Kənan Nağıyev ifadə verib.

Zərərçəkmiş bildirib ki, Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı olub, təqsirləndirilən şəxsi dostları vasitəsi ilə tanıyıb.

Kənan Nağıyevin sözlərinə görə, Novruz Vəliyevə ümumilikdə 150 min dollar verib, həmin pullardan isə az midarda geri qaytarılıb. Zərərçəkmiş qalan pulunun da qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxs zərərçəkmişin dediklərini təsdiqləyib və bildirib ki, 4 ay ərzində ona hissə-hissə 60 min dollara yaxın pul qaytarıb. Kənan Nağıyev isə deyib ki, Novruz Vəliyev ona ümumilikdə 50 min manat qaytarıb, həmin pulun hamısı ona çatmayıb.

Növbəti proses yanvarın 19-da davam edəcək.

İttihama görə, Novruz Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadov və Fərid Quliyevin etibarından sui-istifadə edərək, “Forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib və dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verib.

O, aldatma yolu ilə həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitlərini ələ keçirib.

İş üzrə zərərçəkmiş şəxs qismində Muğanbank ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Novruz Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər