Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Ağaisə Mahmudovun epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər.
Daha sonra qapalı epizod üzrə də dindirilmə aparılıb.
Prosesdə təqsirıəndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatət qaldırıb. O, cinayət işində əlavə şahidlərin məhkəməyə gətirilməsini tələb edib.
Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib.
Vəsatət növbəti iclasda müzakirə ediləcək.