25 Yanvar 2018 10:33
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Nurlan Nərimanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il iyunun 1-də Saatlı rayonu ərazisində Nurlan Nərimanov idarə etdiyi VAZ-2106 markalı avtomobili qarşıda gedən həmyerlisi Vahid Mirzəyevin “Mercedes” markalı avtomobilinə vurub.

İdarəetməni itirən Nurlan Nərimanovun maşını yol kənarında dayanan Saatlı rayon sakini Naibə Kazımovaya dəyib. Qadın hadisə yerində həyatını itirib.

İstintaq araşdırması zamanı məlum olub ki, Nurlan Nərimanov yol qəzasının törədilməsində günahkar olub.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Nərimanov 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum edilib.

İstintaq və məhkəmə araşdırması dövründə Nurlan Nərimanovun barəsində başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

Hökmdən narazı qalan Nurlan Nərimanov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Nurlan Nərimanovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti araşdırılıb.

Şikayət təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər