2 Fevral 2018 13:03
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sərliyi ilə baş tutan prosesdə Elnur Məmmədov suallara cavab verib.

O, bildirib ki, dəymiş ziyandan 144 min dollar qaytarılıb.

Onun sözlərinə görə, zərərçəkmiş təqsirləndirilən şəxsdən qalan pulunu tələb edir: “Mən ondan şikayətçi deyiləm. Tutulmasını istəmirən. Aramızda münasibət var. Sadəcə, mənim pulumu qaytarsın”.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, Elnur həmişə ona kömək olub: “Çörək kəsmişik, münasibətimiz olub. Bunları danmıram. Bir gün Elnura biznes qurmaq təklifi elədim. Tükiydən tütün məlumatları gətirəcəkdik. İşləri düzüb-qoşduq, adamlar tapdıq. Elnur deyilən pulu verdi. 200 min dolları götürüb, iki idmançı dostumla Türkiyəyə getdimm”.

Rövşən Heybətov bildirib ki, Elnurun atası Elton Məmmədovla da görüşüb: “Ağsaqqalla görüşdük. Söhbət elədik. Suallara cavab verdim. Dedi, pul batsa, nə olacaq? Dedim ki, mənlikdir. O da xeyr-dua verdi. İndi də demirəm ki, pulu vermirəm. Ölənə qədər də olsa o pulu qaytaracam. Pulu Türkiyədə məni vurub götürüblər. Buna əminəm”.

O, qeyd edib ki, Elnura ümumilikdə 144 min dollar qaytarıb: “Qalan pulu verəcəm. Çünki söz vermişəm. Dələduz deyiləm. Başıma hadisə gəlib, özüm bu məsələni həll edəcəm. Şəhərdə 3 otaqlı evim vardı. Elnura verəcəkdim. Sonra o evi satdım. Dedim Rusiyada bir iş görüm, pulu gətirib Elnura verim. Orda da aldandım. Daha sonra oğlumun evini satdım, 40 min dollar qaytardım. Dostlar da kömək elədi. Bir müddət sonra Elnur polisə şikayət etdi, məni həbs elədilər”.

Təqsirləndirilən şəxs bildirib ki, Elton Məmmədovun yanında Elnura 50 min dollar verib: “Bir yerdən pul gəldi, vəkilimlə birlikdə ağsaqqalın qəbuluna getdim. Orda 50 min dolları verdim. Elton müəllimə dedim ki, qalan pulu da çatdıracam. İndi də deyirəm, Rusiyada mənim pulum var. Elton müəllimə dedim ki, qoy bir həftəlik Moskvaya gedim, gətirib pulu verim. Razılaşmadılar. Dedim, hətta Elnurun özü də mənimlə getsin, yenə də razılaşmırlar ki, qaçaçaqsan”.

Rövşən Heybətov qeyd edib ki, pulu Türkiyədə qəsdən ondan alıblar: “Orda bu oyunları başıma açanlar mənim pulla olduğumu bilən adamlar olub. Həmin işdə Türkiyə polisinin də əli vardı. Mən özümü öldürdüm ki, polislik iş var. Dedilər, Türkiyə polisi elə şey eləməz. Sonra çevrilişə cəhddə gördük, nə qədər polis tutdular”.

Rövşən Heybətov bildirib ki, hadisə başına gələndən sonra gözünü xəstəxanada açıb: "Orda Elnur gəldi yanıma. Dedim ağsaqqala denən bu işi araşdırsın. O da dedi ki, ağsaqqal Türkiyənin millət vəkilləri ilə əlaqəyə girərək, bu işin araşdırılacağını dedi".

Nöbvəti proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 210 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İstintaq sənədinə görə, Elnur Məmmədov işlə bağlı Röşən Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. Rövşən Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman pulun üzərində olmadığını görüb. Elnur Məmmədov buna inanmayaraq, Rövşən Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə Rövşən Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər