Ağdaş rayonunda oğurluq etməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Canəli Mustafayev və onun yaşıdı Həbibxan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Canəli Mustafayev və Həbibxan Süleymanov 2015-ci ildə Ağdaş rayon Məhkəməsində mühakimə olunublar.
Oğurluq etdikləri üçün onların hər biri 2 il 6 ay müddətinə şərti cəza alıblar. Məhkumluqlar ödənilməmiş yenidən oğurluq cinayəti törədiblər. Dostlar 18 dekabr 2016-cı ildə, saat 17.00-da Gülnaz Məhərrəmovanın Ağdaş şəhəri C.Cabbarlı küçəsindəki evinə giriblər.
Evdən bir ədəd 150 manat dəyərində “Madonna World Gold” markalı xalçanı, bir dəst 120 manat dəyərində “Thun Karlovarsky Porcelan” markalı yemək servisini və bir dəst 100 manat dəyərində çay servisini oğurlayıblar.
Canəli Mustafayev Cinayət Məcəlləsinin 177.3.3-cü (oğurluq; əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) maddəsi ilə, Həbibxan Süleymanov isə Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham eidliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Canəli Mustafayev 4 il 6 ay, Həbibxan Süleymanov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Polis nəzarətində olan hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, onlar məhkəmə zalından həbs edilib. Təqsirləndirilən şəxslər ümumi rejimli tərbiyə müəssisəsində cəza çəkəcəklər.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxsin vəkilləri apelyasiya şikayəti verib. Canəli Mustafayevin vəkili Fərhad Məmmədov müvəkkili barəsində şərti cəza təyin edilməsini xahiş edib.
Digər təqsirləndirilən Həbibxan Süleymanovun vəkili Zaur Bərxudarov isə müvəkkili barəsində olan cəzanın həbs olmayan cəza növü ilə əvəz edilməsini istəyib.
Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Hakim heyəti sonda təqsirləndirilən şəxslərin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul edib. Canəli Mustafayevin cəzası 2 il 6 aya, Həbibxan Süleymanovun isə cəzası 2 ilə endirilməsi barədə qərar qəbul edilib.