28 Mart 2018 16:35
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda dələduzluqda və bədənə xəsarət yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Sənan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sənan Hüseynov 28 oktyabr 2014-cü il tarixdə Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində tanışı Şahin Abbasovun etibarından sui-istifadə edib.

O, “Kapital” bankın Bərdə filialından 2400 manat kredit pulunu özü ödəyəcəyi adı ilə Şahin Abbasovun adına götürüb. Lakin pulu ödəmədiyindən qeyd olunan məbləğ Şahin Abbasovun təqaüd kartından tutularaq bankın hesabına köçürülüb.

Nəticədə Sənan Hüseynov Şahin Abbasova 2400 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa o, 17 fevral 2016-cı il tarixdə, təxminən saat 21 radələrində Şahin Abbasovun yaşadığı evə daxil olub. O, Şahin Abbasovun kürəyinə üç dəfə qaynar su töküb.

1-ci dərəcəli əlil Şahin Abbasov xəsarət alıb.

İstintaq orqanı Sənan Hüseynov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri ilə ittiham elan edilib.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Sənan Hüseynov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və aylıq qazancının 15 faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Məhkəmə Sənan Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar xitam verilməsi qərara alıb. Həmin maddə üzrə Sənan Hüseynova cəza təyin edilməyib.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, şikayətində Sənan Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Hüseynovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib.

Şahin Abbasovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin kasasiya şikayəti üzrə araşdırma aparılıb.

Prosesdə çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, ki, Sənan Hüseynovun əməli Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddəsi ilə tövsif olunmalıdır: “Hadisə vaxtı Şahin Abbasov yatıb. Sənan Hüseynov yatmış və yuxulu vəziyyətdə olduğu halda onun üstünə üç dəfə qaynar su töküb. Bədənini yandırmaqla ona güclü fiziki ağrı və psixi iztirab verib”.

Nümayəndə qeyd edib ki, təqsirləndirilən Sənan Hüseynova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham edilsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti onun təqsirindən deyil, istintaq və məhkəmə orqanının müddətləri qərəzli olaraq pozmaları nəticəsində keçib.

Zərərçəkmiş və prokurorun fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Şahin Abbasovun kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər