18 Aprel 2018 15:28
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Ev dustaqlığında olan Çingiz İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb. Ev dustaqlığında olan və məhkəmənin çağırışlarından yayınan Etibar Hüseynovun barəsində isə axtarış elan edilib.

İttihama görə, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək, bir neçə nəfərə dələduzluq edib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmək), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxslər irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini deyiblər.

Zərərçəkmişlərdən Zəhra Məmmədova ifadəsində qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyib.

Zəhra Məmmədova Etibar Hüseynovu qardaşı oğlunun tanışı vasitəsi ilə tanıdığını bildirib. Qardaşı oğlunun İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü olduğunu söyləyən zərərçəkmiş qeyd edib ki, Etibarı Orxan vasitəsi ilə tanıyıblar: “Bir neçə dəfə bizə gəlib. Nəvəsinin canına and içirdi. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı”.

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. Orxan Nadirovun adı əvvəllər də dələduzluq əməlində hallanıb.

O, ötən il dekabrın 8-də Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, bir gün sonra sərbəst buraxılıb.

Orxan Nadirov Səbuhi Əliyevi azadlığa çıxardacağına söz verərək, Kənan Əliyev və Mehman Umudodan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyib, aldığı pulu geri qaytarmayıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər