18 Aprel 2018 16:00
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1 milyon 200 min manatlıq dələduzluq etməkdə təqsirli bilinən Hicran Allahverdiyevanın cinayət işi üzrə yenidən məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, Hicran Allahverdiyeva bir qrup vətəndaşın etibarindan sui-istifadə edərək, şirkət yaratmaq adı ilə onların külli miqdarda pullarını ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

İstintaq orqanı tərəfindən Hicran Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında olan prosesdə Hicran Allahverdiyeva ilə bağlı hökm elan edilib.

Hökmə əsasən, Hicran Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Zərərçəkmiş şəxslərin hökmdən verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılıb. Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və Hicran Allahverdiyevanın sağalması barədə rəy verilib.

Bundan sonra, hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiya birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi barədə qərar elan edib.

Qərarda işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi tələb edilib. Qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu gün baş tutan prosesdə apelyasiya instansiyasının qərarı icra edilməsi barədə proses keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim heyəti apelyasiya instansiyasının çıxardığı qərarın icra olunması barədə göstəriş təmin edilib.

Məhkəmə cinayət işi yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər