20 Aprel 2018 15:36
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Amal Zülfüqarov Xaçmazda “Atlant” istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb.

Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələnib və onu öldürmək qərarına gəlib.

Ötən il avqustun 15-də onlar Qaradağ rayonunun Qobustan qəsəbəsində kafedə birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşan Amal onun boyun və sinə nahiyəsinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amil onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib.

Amal Zülfüqarov Qismətin ürək, boğaz, sinə və qarın nahiyəsinə ümumilikdə 35 bıçaq zərbəsi endirib.

Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Amal Zülfüqarov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, xuliqanlıq niyyəti ilə adam öldürüb.

Amal Zülfüqarovun sözlərinə görə, qətlə yetirdiyi Qismətlə dost olub: “Hadisədən bir neçə gün əvvəl Qismət və daha iki dostu məni yerimdən götürərək, birlikdə “Atlant” istirahət mərkəzinə getdik. Bu zaman Qismətin mənə qarşı münasibətinin tam dəyişdiyinin şahidi oldum”.

Təqsirləndirilən şəxs deyib ki, Qismət yolda ona qarşı fərqli şəkildə davrandığını görüb: “Sözümü kəsirdilər, bəzən də məni danışdırmırdılar. Qismət qayıtdı ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma sıxacaqlar. Mənim də ürəyimə xal düşdü”.

Amal Zülfüqarov qeyd edib ki, istirahət mərkəzində olan zaman Qismət ona tərs-tərs baxıb: “Qsimətdən bu hərəkətlərinin səbəbini soruşdum. Bildirdi ki, yaxşı edirəm. Mən uşaqlardan da səbəbini soruşdum. Onlar da heç nə demədi. Artıq mən də əsəbləşməyə başladım”.

Təqsirləndirilən şəxs deyib ki, məsələni araşdırmaq üçün bir neçə dəfə Qismətlə danışmaq istəyib, amma ona tapa bilməyib.

Amal Zülfüqarovun ifadəsinə görə, bir dəfə Qismətlə rastlaşıb: “Həmin vaxt Qismət mənə dedi ki, get, evdə qazı aç, özünü öldür. Mən də səbəbini soruşdum. Dedi ki, hamının içində deyəcəm. Ona dedim ki, səninlə qardaş kimi olmuşam, amma mənə qarşı nəsə söhbət olsa, səni öldürərəm. Hamının içində də bunu dedim”.

Amal Zülfüqarov əlavə edib ki, növbəti dəfə Qobustan qəsəbəsində kafedə Qismətlə görüşüb: “Həmin sözü orda demək istədiyini söylədi. Amma orda olan Nicat Qismətə dedi ki, söhbəti açma. Bu hərəkət məni daha da əsəbləşdirdi”.

Amal Zülfüqarov daha sonra ifadəsində kafedə baş verən davalarından danışıb. O, bildirib ki, hadisə zamanı bıçaqladığı Haldun və Tələtlə dost olub: “Onlarla çörək kəsmişəm, onlara zərbə endirməmişəm. Ola bilər ki, onlar məni aralayanda bıçaq zərbəsi dəyib”.

Cinayəti törədən Amal Zülfüqarov Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər