26 Aprel 2018 14:37
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən şəxslərin cinayət işini Bakı Şəhər Prokurorluğuna qaytarıb.

“StarMed” klinikasında əməliyyat zamanı vəfat edən 18 yaşlı Leyla Mürsəlovanın ölümündə təqsirli bilinən Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkmiş tərəfin nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Hafiz Ələsgərov Teleqraf.com-a bildirib ki, bu gün Yasamal rayon Məhkəməsi təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması barədə qərar qəbul edib.

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı şəhər Prokurorluğuna qaytarılıb.

Vəkil qeyd edib ki, bu işlə bağlı Yasamal rayon Məhkəməsində iki ilə yaxın müddətdə araşdırma aparılıb. Hakim araşdırmanın sonunda təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması nəticəsinə gəlib.

İttihama görə, 2015-ci ilin martında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib.

Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə məsuliyyətə cəlb edilib.

Leyla Mürsəlova Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər