Bakıda dələduzluqda təqsirli bilinən deputatlığa keçmiş namizəd Nəsimi Qədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Nəsimi Qədirovun ərizəsinə baxılıb.
O, ötən ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliyə əsasən cəzasının yüngülləşdirilməsini istəyib. Belə ki, dəyişikliklərə əsasən əvvəl 10 min manatdan yuxarı məbləğ külli miqdar hesab edilirdisə, hazırda bu rəqəm 50 min olub.
İttihama görə, Nəsimi Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, “Qartal” MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və onun 90 min manatını alıb.
Ümumilikdə cinayət işində zərərçəkmişlərə dəymiş ziyan yarım milyondan çoxdur.
Nəsimi Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, “Sahil” metrosunun üstündə yerləşən binada ayı 10 min manata olan kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. Nəsimi Qədirov insanlara vəzifədə işləyən adamları olduğunu deyib. Həmin şəxsləri inandırmaqla pullarını mənimsəməyi bacarıb.
Həmin zaman məhkəmənin hökmü ilə Nəsimi Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün baş tutan iclasda Nəsimi Qədirovun ittiham olduğu 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi həmin məcəllənin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsinə tövsif edilib.
Onun cəzası 10 il 6 ay müddətinə endirilib.
“Gənc Heydərcilər” Ümumrespublika Gənclər Birliyinin idarə heyətinin sədri olan Nəsimi Qədirov 2010-cu ildə anadan olduğu Gədəbəy rayonundan deputatlığa namizəd olub.
Nəsimi Qədirov 2014-cü ildə məhkum olunub.