Şirvan sakini Bakıda itkin düşüb
Bu barədə itkin düşən şəxsin qardaşı Məhəbbət Qasımov bildirib ki, qardaşı, 1992-ci il təvəllüdlü Qasımov Məhərrəm Fəhmül oğlu avqustun 9-dan yoxa çıxıb: “Həmin gün onun ad günü idi. Zəng vurub təbrik etdim və harada olduğunu soruşdum. Evdə olmadığını söylədi. O gündən qardaşımdan xəbər yoxdur. Nə telefonuna zəng çatır, nə də evə gəlib. Çox narahatıq. Hər yeri axtarırıq, tapa bilmirik. Heç kimdən şübhələnmirik. Biz sakit ailəyik, düşmənimiz yoxdur”, - deyə M. Qasımov bildirir.
O, həmçinin qeyd edib ki, qardaşı Bakıda özəl şirkətlərdən birində sürücü işləyib və bacısının evində yaşayıb: “Nərimanov rayonunda yaşayan bacımgildə qalırdı. Ad günündən bir neçə gün əvvəl məzuniyyətə çıxıb”.
Qardaşı qeyd edib ki, M. Qasımovun itkin düşməsi ilə bağlı Şirvan Rayon Polis Şöbəsinə və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət ediblər: “Lakin hələlik bir nəticə yoxdur”.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən APA-ya bildirilib ki, M. Qasımovun itkin düşməsi faktı ilə bağlı axtarışlar davam etdirilir.
/ APA/