Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Şahlar Novruzov və Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Şahlar Novruzov 17 il, Rövşən Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il iyunun 27-də gecə saat 02.00-da Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn 2 naməlum şəxs orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar.
İqor Vasin xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulub. Onlar İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.
Rəsmi məlumata görə, İqor Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib və İqor Vasini evə buraxmayıb. İqor Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.
Bu səbəbdən təqsirləndirilən şəxslərə qəsdən adam öldürmə ittihamı verilməyib.Onlar Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilirlər.
Təqsirləndirilən Şahlar Novruzov məhkəmədə verdiyi ifadəsində deyib ki, hadisə günü axşam işdən qaydanda Rövşən Məmmədovla mağazanın yanında spirtli içki içiblər: “Bir nəfər yaxınlaşdı ki, bizimlə içsin, razı olmadıq. O bizi söydü, sonra getdi. Rövşənlə içməyə davam etdik, sonra həmin adamın evinə yollandıq. Qapını döydük, o, çölə çıxdı. Nəyə görə bizi söydüyünü soruşduq. O, yenə söyməyə başladı və bizə əl atdı.
Onu yumruqla vurduq və qapının ağzında olan çantanı götürüb oradan uzaqlaşdıq. Evin yanması barədə heç nə deyə bilmərəm. Biz evə girməmişik, onunla həyətdə dava etmişik”.