Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun barəsində olan hökmdən kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Firkət Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Fikrət Fərəməzoğlunun şikayəti hakim Hafiz Nəsibovun icraatına verilib.
Baxış iclası iyulun 18-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Firkət Fərəməzoğlunun apelyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində 2017-ci ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.