12 Sentyabr 2018 17:44
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilova barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Lalə İsrafilovanın əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsüf edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və şərti cəza verilib.

Lalə İsrafilovanın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. O, 3 il sınaq müddəti olmaqla şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Lalə İsrafilovanın vəkili Əli Hüseynov apelyasiya şikayəti verib. O, şikayətdə hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılması istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.

Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər