1 Oktyabr 2018 15:23
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham olunan Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Minarə Fərzəliyeva ifadə verib.

O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Bildirib ki, 2015-ci ilin əvvəlindən Zümrüd Göyüşova onun haqqında Nizami rayon Polis İdarəsinə şikayət verib. Şikayət qızıl alış-verişi ilə bağlı olub: “Biz onunla uzun müddət qızıl alış-verişi edirdik. 3 il mütəmadi olaraq mən ondan qızıl alıb, vaxtında pulunu ödəyirdim, məbləğlər 7 min manatdan yuxarı olurdu. Ancaq bu müddətdən sonra bir-birimizə qarşılıqlı etibar etdik və o, mənə bundan da artıq məbləğdə qızıl verdi. Satılan qızılların pulunu hissə-hissə ödəyirdim.

Mən də ona etibar etdiyim üçün götürülən qızıllarla bağlı qeydlər aparmırdım. Yalnız qızılların pulunu geri qaytaranda, o öz dəftərindən bu borcu silirdi. Sonra aramızda ödənişlə bağlı gecikmələr baş verdi, çünki insanlar qızılın pulunu vaxtında ödəyə bilmirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ümumilikdə Zümrüd Göyüşovadan 134 min manat məbləğində qızıl götürüb, hissə-hissə ödənişdən sonra ona 65 min manat borcu qalıb: “Zümrüd iddia edir ki, ona 65 min manat yox, 134 min manat borcluyam. Çünki mən ona pulu ödəyəndə dəftərdən silməyib.

Axırıncı dəfə ondan sentyabrdan yanvara qədər qızıl almışam. İndi sual olunur, əgər ona pul ödəməmişəmsə, mənə qızılları niyə verib? Sentyabrda götürdüyüm qızılın pulunu verməsəm, oktyabrda necə qızıl götürmüşəm və necə olur ki, bu, dəfələrlə təkrarlanır? Bu, absurddur. Digər tərəfdən Zümrüdün adıma götürülən qızılların qeyd edildiyi dəftərdə də mənim imzam yoxdur. Yalnız adım var. Necə olur, mən ora imza etmədən qızılı almışam?”

Təqsirləndirilən şəxs qeyd edib ki, barəsində polisə şikayət olunandan sonra Zümrüdü evinə dəvət edib: “Ona dedim ki, sənə 45 min manat borcum qalıb və o miqdarda qızılını qaytarıram. O da mənə dedi ki, yox, onu götürsəm, lom qiymətinə götürəcəm və sən yenə də mənə borclu qalacaqsan. Mən isə bununla razılaşa bilməzdim”.

Minarə Fərzəliyeva qeyd edib ki, Zümrüd Göyüşovanın götürmək istəmədiyi qızılları müstəntiqə şikayətlə bağlı onu çağıranda təqdim edib: “787 qram qızılı və 4 min manat pulu aparıb işi araşdıran müstəntiq Çingiz Quliyevə verdim, bu, protokollaşdırıldı. Bu barədə əlimdə iki protokol var. Bundan sonra mənim Zümrüdə 21 min 790 manat məbləğində borcum qalıb.

Mən müstəntiqə qızılları Zümrüd xanıma verməsi üçün və razılıq olsun deyə təqdim etdim. Hər dəfə də ondan zəng edib, bu barədə soruşurdum. Bu hadisənin üstündən 7 ay keçəndən sonra mənə başqa bir müstəntiqdən zəng gəldi və bildirdilər ki, iş artıq başqa adamın icraatındadır.

Məlum olur ki, qızıllar guya Çingiz Quliyevin avtomobilindən oğurlanıb. Yəni bu qızıllar Zümrüdə çatmayıb. Bunu Çingiz Quliyev də məhkəmədə ifadə verəndə təsdiqlədi. O dedi ki, nə vaxt pulu olsa, borcunu qaytaracaq.

45 min 550 manatlıq qızıl müstəntiqin maşınından oğurlanıb. Sonda bir daha onu bildirmək istəyirəm ki, mənim Zümrüdə 134 min yox, 21 min 790 manat məbləğində borcum qalıb və onu qaytarmağa hazıram”.

İttihama görə, Minarə Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus “Laçın” Ticarət Mərkəzində qızıl dükanından qızıl alıb və geri qaytarmayıb.

İstintaq orqanı tərəfindən Minarə Fərzəliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov