Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib.
İttihama münasibət bildirən Sahib İbrahimov özünü təqsirli bilməyib.
Daha sonra ifadə verən zərərçəkmiş Mərdan Vəliyev bildirib ki, 2013-cü ilə “STS” şirkətindən mənzil almaq üçün müqavilə bağlayıb.
Zərərçəkmiş qeyd edib ki, bağlanan müqavilənin dəyərinin 105 min 270 manat məbləğində olub:
“Sonradan aldığım mənzilin başqa adama satıldığı üzə çıxdı. Mənzilə köçmək istəyəndə məlum oldu ki, ev başqasına satılıb. Mənə dedilər ki, sizə başqa mərtəbədə ev veriləcək. Lakin mən razılaşmadım, şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar”.
Mərdan Vəliyev qeyd edib ki, Sahib İbrahimovu tanımayıb. O, mənzil alan zaman müqaviləni Məzahir Cəfərovla imzalayıb.
Digər zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edib. O, müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini deyib.
Vəkil qeyd edib ki, Etibar Allahverdiyev “STS” şirkətindən mənzil almaq üçün Sahib İbrahimova müraciət edib:
“Sahib İbrahimov isə Xətai rayonunda inşaa edilən binadan iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib. Mən Sahib İbrahimovla görüşsəm də o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib”.
Vəkil dəymiş zərərin ödənilməsini tələb edib. Qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıblar, həmin iddianı müdafiə edirlər.
Sahib İbrahimov isə zərərçəkmiş Etibar Allahverdiyevi tanımadığını deyib: “Mənimlə müqavilə imzalanmayıb, Etibar Allahverdiyevi heç vaxt görməmişəm”.
Sahib İbrahimovun vəkili Rəna Məmmədova da zərərçəkmiş Etibar Allahverdiyevin özünün məhkəməyə çağırılmasını və dindirilməsini istəyib.
Növbəti proses dekabrın 12-də davam edəcək.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.
Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Sahib İbrahimov rəhbərlik etdiyi tikinti şirkətinə müraciət edən vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunur.
İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödənilib.
Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.