Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.
O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulmuş evlərin verilməsi üzrə komissiyaya sədrlik edib, ancaq evlərin sənədləşməsi onun səlahiyyətinə daxil olmayıb: “Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədləşməni tezləşdirməyi xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətimdə deyildi, buna Hüquq şöbəsi baxırdı”.
Hakim deyib ki, vətəndaşların əksəriyyəti Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb.
Şahmar İbadov isə qeyd edib ki, icra hakimiyyəti heç kəsdən pul almayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
İttihama görə, əlillər üçün tikiləcək binadan iş üzrə zərərçəkənlərə mənzil veriləcəyi adı ilə onlardan pullar alınıb.
İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilir. Dəyən zərər ümumilikdə 6.5 milyon manatdır.