11 Fevral 2019 17:25
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində günün ikinci yarısında davam edən prosesdə təqsirləndirilən Dünyamin Xəlilov sərbəst ifadə verib.

O, Cahangir Hacıyevi gənclik illərindən tanıdığını, onunla 40 ildir dostluq etdiyini bildirib.

Dünyamin Xəlilovun sözlərinə görə, Cahangir Hacıyevlə bir-birlərinin evinə gediş-gəlişləri olub.

O, Cahangir Hacıyevlə heç bir biznes əlaqəsinin olmadğını söyləyib. Qeyd edib ki, Cahangir Hacıyev tərəfindən "General Consalting" şirkətinin direktoru vəzifəsinə təyin edilib: “İki il burada çalışdım, 2005-ci ilin əvvəllərində isə xarici şirkətlərdə layihələr həyata keçirməyə başladım. Biznes fəaliyyətim genişləndiyi üçün yeni MMC-lər yaratdıq. Mən bir neçə şəxsi də həmin şirkətin direktoru vəzifəsinə təyin etmişəm.

Qanuna əsasən, Beynəlxalq Bankı xarici şirkətlər maliyyələşdirə bilməzdi. Ona görə də xarici şirkətlərə pul köçürmələrini həmin MMC-lər vasitəsilə həyata keçirmişik. "Kargin" şirkəti ilə "Pərvanə" MMC arasında müqavilə bağlanıb və xaricdən ölkəyə yağ gətirilib. Həmin yağ satılıb, pullar isə Beynəlxalq Banka qaytarılıb”.

Növbəti proses fevralın 15-də davam edəcək.

***

14:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Natiq İmanov sərbəst ifadə verib.

O bildirib ki, 2011-ci ildə Dünyamin Xəlilovun "Soik Constraction" MMC şirkətinin direktoru vəzifəsində çalışıb: "Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaıq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi".

Natiq İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: "Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü.

Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə, 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam".

Daha sonra iki təqsirləndirilən şəxs də ifadə verib.

Proses günün ikincı yarısında davam edəcək.

İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslərdən İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Bundan başqa, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erxan Cavad daha əvvəl bu iş üzrə həbs edilib.

İstintaq dövründə Nərimanov rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Erxan Cavad məhkəmə zalında azadlığa buraxılıb.

Cahangir Hacıyev və digər şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər