13 Fevral 2019 17:15
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Mahir Qocayevin barəsində olan cinayət işi üzrə istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mahir Qocayevin barəsində olan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 19-na təyin olunub.

İttihama görə, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi-63 ünvanda olub.

Həmin ünvanda yaşayan Mahir Qocayev qısqanclıq zəminində sevgilisi, 1994-cü il təvəllüdlü Ülviyyə Allahverdiyevanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ülviyyə Allahverdiyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlum olub ki, hadisədən əvvəl Mahir Qocayevlə Ülviyyə Allahverdiyevanın münasibətləri pozulub. Bu səbəbdən onların arasında həmin ünvanda küçədə mübahisə yaranıb. Gənc oğlan mübahisə zəminində Ülviyyə Allahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib.

Mahir Qocayev daha sonra özünə də bıçaqla zərbələr endirib. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Cinayət törətdiyi üçün Mahir Qocayev polis nəzarəti altında müalicə alıb.

İstintaq orqanı tərəfindən Mahir Qocayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov